Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Türk Dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib. Bununla bağlı qərar Fondun İdarə Heyətinin iclasında qəbul edilib.
Unikal.org xəbər verir ki, fondunun rəhbəri Serhat Kabaklının imzaladığı Fəxri üzvlük diplomu Elçin İbrahimova Türk Ədəbiyyatı Dərgisinin baş redaktoru Bəxtiyar Aslan tərəfindən təqdim olunub. O, qeyd edib ki, Türk Ədəbiyyatı Fondunun fəxri üzvləri arasında türkdilli ölkələrdən bir çox gənclər var: "Bu gün bizim fəxri üzvlərimiz sırasında gənc türkoloq alim Elçin İbrahimovun olması əlamətdar hadisədir. Onunla uzun müddətdir ki, əməkdaşlıq edirdik, bu gün isə rəsmi şəkildə fəxri üzvlərimiz sırasına daxil oldu. Bunun gələcək əməkdaşlıqlarımız üçün də faydalı olacağını düşünürük. Fəxri üzvlüyü və əməkdaşlığımız türk dünyası üçün xeyirli olsun!”
Türkoloq alim Elçin İbrahimov isə deyib ki, Türk Ədəbiyyatı Fondu görkəmli türk yazıçısı Əhməd Kabaklı tərəfindən 1978-ci ildə təsis edilib, Türkiyənin nüfuzlu və türkdilli arealın tanınmış qurumlarındandır: “ Fond "Türk ədəbiyyatı” dərgisi kimi ciddi nəşri 50 ilə yaxındır, hər ay nəşr edir. Mən Fondun rəhbəri hörmətli Sərhəd Kabaklı, tanınmış tərcüməçi və yazar İmdat Avşar və Bəxtiyar Aslan başda olmaqla namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə göstərdikləri etimada görə təşəkkür edirəm. Ümid və arzu edirəm ki, bundan sonra əməkdaşlığımız və birgə fəaliyyətimiz daha da sıx olacaq, Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin yüksək səviyyədə inkişafına töhfə verəcək".