Nikol Paşinyan növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə müxalifəti zərərsizləşdirməyin yollarını axtarır.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, "Joğovurd" qəzeti bu barədə material dərc edib.
Qeyd olunur ki, Nikol Paşinyan hakim blokun nümayəndələri ilə toplantı keçirib. Ədliyyə naziri Rustam Badasyan və baş nazirin müşavirlərinin qatıldığı toplantıda erkən seçkilərlə bağlı sseanrilər müzakirə edilib. Qəzet bildirir ki, Nikol Paşinyan komandasına növbədənkənar parlament seçkilərinə hazırlaşmağı tapşırıb. Bununla yanaşı, müxalifəti sözügedən seçkilərdə təsirsiz hala gətirməyin hüquqi və siyasi yolları barədə təkliflər hazırlanması gündəmə gəlib.
Bildirilir ki, Ermənistanın seçki məcəlləsində bir sıra dəyişikliklər edilməklə, müxalifətin oyundan kənar vəziyyətə salınması versiyası üzərində işlənilir. Müxalifətin resurslarının seçki prosesində istifadəyə yararsız hala gəlməsi üçün qanunvericilikdə müəyyən yeniliklər edilməsi nəzərdə tutulur.