“ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarı hüquqi və siyasi baxımdan səhv bir addımdır. Bu, bir ölkənin birtərəfli qaydada qəbul etdiyi qərardır”.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O ABŞ-ın sanksiya qərarını Türkiyənin suverenliyinə hücum kimi qiymətləndirib.

Türkiyə XİN başçısının sözlərinə görə, ölkəsi S-400 hava hücumundan müdafiə sistemini Rusiyadan CAATSA-dan (Countering America's Adversaries Through Sanctions Act - "Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət" haqda qanun) əvvəl alıb və buna görə də sanksiya tətbiq edilə bilməz: “Beynəlxalq hüququ hamı, o cümlədən də ABŞ yaxşı bilir. Bu işlər “Mən belə istəyirəm” deməklə olmaz. ABŞ-ın sanksiya qərarı həm də öz müttəfiqinə qarşı yol vermiş olduğu bir səhvdir”. 

M. Çavuşoğlu S-400-lə bağlı NATO Baş katibinin mövqeyini obyektiv hesab etdiyini vurğulayıb: “O, bu məsələdə müttəfiqimiz ABŞ-ın narahatlığını bizə bildirirdi. Amma digər tərəfdən NATO Baş katibi deyirdi ki, hər bir müttəfiq müdafiə məsələsində öz ehtiyaclarını hər hansı bir yerdən təmin edə bilər. Biz də dedik ki, ABŞ-ın texniki məsələlərlə bağlı qayğıları varsa, NATO çərçivəsində türk və amerikalı mütəxəssislərdən ibarət bir qrup yaradılsın və onlar bu narahatlıqları araşdırsınlar. Bu təklifi isə ABŞ qəbul etmədi. Türkiyə S-400-lə bağlı məsələdə geri addım atmayacaq”.