Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Cozef Baydenin prezident kimi fəaliyyətə başlamasından sonrakı xarici siyasəti barədə danışıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, Lavrov Bayden dövründə ABŞ-ın hətta çıxdığı razılaşmalara geri dönəcəyi təqdirdə belə kollektiv qərarlara tabe olmağa hazır olmayacağını bildirib.

"Hazırki ABŞ rəhbərliyinin tərk etdiyi strukturlara və anlaşmalara qayıdılsa belə, əgər qərarlar ABŞ-ın maraqlarına 100 faiz cavab verməzsə, ABŞ kollektiv qərarlara uymağa hazır olmayacaq", - deyə Rusiya XİN başçısı əlavə edib. Ümumi qərarların ABŞ maraqlarına 100 faiz cavab verməsi halının isə mümkün olmadığını söyləyib.

Sergey Lavrov həmçinin Tramp administrasiyası dönəmində ABŞ-ın YUNESKO-dan, iqlim haqqında Paris razılaşmasından, BMT İnsan Haqları Şurasından və s. çıxdığını xatırladıb.