Müsavat-AXCP müttəfiqliyi sual altında
12:52 16-01-2013
İQTİSADİYYAT
Müsavat-AXCP müttəfiqliyi sual altında
Müsavatın bir qrup üzvünün AXCP-yə keçidi mövcud ziddiyyətləri bir qədər də dərinləşdirdi
Qarşıdan gələn prezident seçkiləri öncəsində ölkə müxalifətinin birləşmək və yenidən toparlanmaq cəhdləri seçki kampaniyası başlamamış iflasa uğramaqdadır.
Hər halda müxalifət daxilində yaşanan son olaylar belə düşünməyə əsas verir ki, builki seçki ərəfəsində əvvəlcədən təmtəraqla anonsu verilən müxalifətin böyük birliyi baş tutmayacaq. Hər şey isə vahid namizədin müəyyənləşdirilməsiylə bağlı gərgin müzakirələrin getdiyi bir arada Müsavat Partiyasının İsa Qəmbərin namizədliyini rəsmən irəli sürməsiylə başladı.
Bundan sonra mətbu və siyasi dairələrdə Müsavatla AXCP arasındakı gərginlik özünün pik nöqtəsinə çatdı. Sosial şəbəkələrdə iki partiyanın tərəfdarları arasında hətta qarşılıqlı təhqirlərlə müşaiyyət olunan söh polemikası başladıldı. Hətta iş o yerə çatdı ki, Müsavat funksioneri Arif Hacılı cəbhəçilərin sosial şəbəkələrdə hücumlarına cavab olaraq AXCP sədri Əli Kərimlini qorxaqlıqda ittiham etdi. Bundan sonra artıq çoxları İctimai Palatanın bir müxalifət ittifaqı olaraq sıradan çıxacağını proqnozlaşdırırdı. Amma İctimai Palata mövcudiyyətini qorumaq naminə qarşılıqlı ittihamlara son verməklə bağlı mövqe nümayiş etdirdi.
Buna baxmayaraq, İctimai Palatanın Koordinasiya Şurasının aldığı, - partiyalar arasındakı “atışmalara” son vermək - qərarına baxmayaraq, Müsavat Partiyası ilə AXCP arasında baş verən rəqabət və fikir fərqliliyi qarşılıqlı ittihamlarla davam etdirilir. Hər iki tərəf digərinin yanlış mövqedə olduğunu sübut etməyə çalışır. Hətta birliyin əsasını təşkil edən iki həlledici partiyanın qurum daxilində apardığı çəkişmələr və deyişmələr artıq sosial şəbəkələrə də nüfuz edib. Bütün bunlar isə belə düşünməyə əsas verir ki, artıq AXCP-Müsavat müttəfiqliyi alınmamış proyekt təsiri bağışlayır. Ötən gün yayılmış bir informasiya isə partiyalar arasındakı onsuz da gərgin olan münasibətləri bir qədər də dramatikləşdirməyə xidmət etdi.
Belə ki, yayılmış xəbərlərdə bildirilir ki, Müsavat Partiyasının bir qrup üzvü Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) keçib. Bu barədə APA-ya Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının özək sədri Mehman Məmmədov məlumat verib. M. Məmmədov deyib ki, onunla bərabər Müsavat Partiyası Ağcabədi rayon təşkilatının daha 3 üzvü - Tariyel Mirzəyev, İmdad Məmmədov və Adışirin Əliyev də AXCP-yə keçib. M. Məmmədov qeyd edib ki, bu günə qədər AXCP-nin Ağcabədidə rayon təşkilatı olmayıb. Onların və digər şəxslərin təşəbbüsü ilə AXCP-nin rayon təşkilatının yaradılması üzrə Təşkilat Komitəsi də yaradılıb: “Belə hesab etdik ki, bundan sonra siyasi fəaliyyətimizi AXCP-də davam etdirək. Çünki bu təşkilatın siyasi xətti bizim baxışlarımızla üst-üstə düşür”.
M. Məmmədov atdıqları addımın Müsavat Partiyasında narahatlıqla qarşılanmasını istəmədiyini də söyləyib: “Bizim Müsavat Partiyasında heç bir problemimiz olmayıb. Sadəcə, son vaxtlar AXCP-nin siyasi xəttinin daha düzgün olduğunu düşünürük”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə bununla bağlı mətbuata verdiyi açıqlamada adıçəkilən şəxslərin partiyanı tərk etməsindən xəbərsiz olduğunu deyib. Əldə etdiyimiz özəl məlumatlarda isə bildirilir ki, baş vermiş transfer AXCP fəalları tərəfindən uzun müddətdən bəri aparılan danışıqların nəticəsidir. Mənbəmiz bildirir ki, bu hələ yerlərdə müsavatçılarla aparılan məxfi danışıqların heç də hamısı deyil: “Məndə olan məlumatlara görə, bir neçə rayonun Müsavat təşkilatları ilə cəbhəçilər fəal iş aparır və onların bəziləri ilə anlaşmaya da nail olunub. Yaxın günlərdə daha bir neçə bu qəbildən olan daha bir neçə bəyanatın da şahidi olacağıq”.
Aydın məsələdir ki, AXCP-nin Müsavatı yerlərdə dağıtmaq hədəfinə hesablanmış bu gedişlərini heç də sonacan səbrlə müşahidə etməyəcək. Gözlənilən odur ki, baş verənlərlə bağlı Müsavat rəsmiləri yaxın zamanlarda “cavab atəşi”ylə cavab verəcəklər. Bu isə artıq AXCP ilə Müsavat arasındakı uzun müddətli “atəşkəs”in pozulması anlamına gələ bilər.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58