Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır.

Unikal.org xəbər verir ki, yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 kilometrə qədər qısalaraq 84,6 kilometr təşkil edir. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 kilometr olacaq. Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Artıq Şuşa şəhərinədək 101,5 kilometrlik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Yolboyu bu hissədə 2 hərəkət zolağı enində torpaq yatağı genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.

Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84,6 kilometrlik yolun ilk 48 kilometri 6,48-84,6 kilometri isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək. Artıq yolun ilk 6 kilometrlik hissəsində, həmçinin yeni yolun 27-ci kilometrdən başlayaraq 4 kilometrlik hissədə torpaq işləri icra edilərək yekunlaşdırılıb və yeni yol əsası inşa olunub.

Bundan başqa, Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli hava limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci kilometrliyində yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulub.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 kilometrlik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrliyindən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.

Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 kilometr təşkil edəcək.