ABŞ federal hakimiyyəti yanvarın 6-da Kapitoliyə basqınla əlaqəli ittihamlar üzrə iki qadını həbs edib.
Unikal.org “The Washington Post”a istinadən xəbər verir ki, onlardan biri nümayiş zamanı Nümayəndələr Palatasının sədri Nensi Pelosini güllələmək niyyətində olduğunu bildirmişdi.
Federal Təhqiqat Bürosu yanvarın 12-də Don Benkroft və Diana Santos-Smitin konqres binasını tərk etməsi ilə bağlı bir video əldə edib. FTB-dən lazımi bilgiləri alan hüquq-mühafizə orqanlarının əməkdaşları qadınları müəyyənləşdirə və saxlaya bilib.
“Kapitoliyə girdik... İçəriyə daxil olduq, işimizi gördük... Nensi Pelosini lənət olası başından güllə ilə vurmaq üçün axtardıq, amma tapa bilmədik”, - videoda deyilir. FTB Benkroftun bu videonu uşaqlarına göndərdiyini iddia edir.
FTB-nin bildirdiyinə görə, daha əvvəl hücumda iştirak etmədikləri barədə səlahiyyətlilərə yalan danışan qadınlara qarşı üç federal ittiham, o cümlədən qanuni səlahiyyət olmadan məhdud girişi olan binaya qəsdən daxil olmaq və xuliqanlıq və ya ictimai qayda pozuntusu ilə hökumətin fəaliyyətinə mane olmaq ittihamları irəli sürülüb.