Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsinin həvalə olunduğu dövlət orqanlarının siyahısına dəyişiklik edilib.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilib.
Azərbaycan Respublikasının Prezidentinə:
- Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə:
- Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
- Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
- Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
- Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;
- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
-mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
- fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
- Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
- Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək həvalə edilib.
Sərəncama əsasən Azərbaycan İnvestisiya Holdinqi:
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etməli;
- beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını iki ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;
- bu Sərəncamda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.