Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Hava Limanında rentgen aparatından kecirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən xəbərə görə, yoxlama zamanı çamadanda olan şəxsi əşyaların arasındakı iki ədəd səsgücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 ədəd şəffaf polietilen bükümdə ümumi çəkisi 302 qram olan 1000 ədəd MDMA (metilendioksimetamfetamin) psixotrop maddə və çəkisi 89, 679 qram olan narkotik vasitə - kokain aşkar edilib.

Xatırladaq ki, MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 145 qramdır.

Faktla bağlı araşdırma aparılır.