Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan üsyanla hakimiyyəti ələ keçirməyin yollarından danışıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Manukyan bu barədə "Azatutyun" meydanında keçirilən aksiyada çıxışı zamanı ətraflı nitq söyləyib.

"A planı ondan ibarətdir ki, aksiyalar keçirək. Amma hər hansı mitinqlər keçirsək də, Paşinyan getməyəcək. Buna görə də Paşinyanın dəstəyini qırmaq lazımdır. Onun dəstək sütunlarından biri əslində nə baş verdiyini anlamayan insanlardır. Bizim vəzifəmiz onlara baş verənlərin mahiyyətini izah etməkdir. İkinci sütun Paşinyanın sifarişlərini yerinə yetirən güc strukturlarıdır. Onlara geri çəkilmək üçün fürsət verməliyik. Onlar mütləq bizə qoşulacaqlar. Üçüncü sütunu Paşinyanın komandasıdır. Onlarla çox çalışmalıyıq. Ölkədə etiraz aksiyaları, itaətsizlik hərəkətləri, yürüşlər keçirmək, iflic etmək lazımdır. B planı isə qiyam yolu ilə hakimiyyəti dərhal ələ keçirməkdir. A planı ilə gedəcəyik, ancaq B planı üçün hər zaman hazır olacağıq. Hazır olmalıyıq", - deyə Ermənistanın keçmiş baş naziri bəyan edib.