ABŞ-ın bir neçə ştatında hökm sürən kəskin hava şəraiti səbəbindən ölənlərin sayı 58 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.
Məlumata görə, ABŞ-da şaxtalı hava şəraiti nəticəsində ölənlərin sayı daha çox ola bilər. Bundan əvvəl, “The Washington Post” qəzeti 47 nəfərin öldüyünü bildirmişdi, ölün hallarının çoxu yenə də Texasda qeydə alınıb.
Texas ştatı sakinlərinin çoxunu həftənin sonunda yenidən elektrik enerjisi ilə təmin etmək mümkün olub, ancaq günlərlə elektrik enerjisi olmayan bir çox evdə su boruları şaxta səbəbindən sıradan çıxıb və son 30 ilin ən sərt qar fırtınası yüz minlərlə sakini susuz qoyub. Təxminən 150 min ev hələ də işıqsız qalıb. Ştatın təxminən 14 milyon sakini su təchizatı ilə bağlı problemlərlə üzləşir. Onlardan 260 mindən çoxu içməli su əldə edə bilmir. ABŞ Prezidenti Co Bayden güclü çovğunun fəsadları ilə mübarizə üçün Texas rəhbərliyinə federal yardım göstərilməsi haqqında sərəncam imzalayıb.