“Palmali Shipping” şirkətinin onlarla gəmisi Aralıq dənizindəki limanlarda tərk edilmiş vəziyyətdədir.
Unikal.org xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, “Shovket Alekperova” adlı şirkət gəmisi 9 aydır Zeytinburnuda lövbərdə gözləyir. Həmçinin şirkətin 150 işçisinin yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilmədiyi də iddia edilir. Maaşlarını ala bilməyən işçilər gəmidəki yemək və təmiz su çətinliyindən də əziyyət çəkirlər.
Hazırda “Shovket Alekperova” gəmisinin heyəti “Twitter”də paylaşım edərək səsini eşitdirməyə çalışır.
Heyətin son “tweet”ində, “9 aydır Zeytinburnuda lövbər gözləyirik. “Palmali Shipping” bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin”,-ifadələrinə yer verib.
Qeyd edək ki, digər bir hadisə Beyrutda lövbər atan “Palmali Shipping”ə məxsus bir tankerdə doqquz günlük aclıq aksiyası keçirilmişdi, heyət üzvlərinin evlərinə təyyarədə göndərilməsi ilə nəticələnmişdi. Həmin vaxt itirilmiş maaşların bir hissəsini ödəmək üçün onlara 114 min dollar təklif edilmişdi.
Bildirək ki, yanacaq tədarükçülərinə, gəmiqayırma zavodlarına və banklara təxminən 900 milyon dollar borcu olduğu ortaya çıxan Palmali Holdinqin bir çox gəmisi ələ keçirilib, lakin bununla da borclar tam ödənilməyib.
SOCAR neft şirkəti də Mübariz Mənsimova məxsus Palmali qrupuna qarşı Londondakı Beynəlxalq Arbitraj Məhkəməsində bir sıra iddia qaldırmışdı. 2018-ci ildə və ondan sonrakı dövrlərdə açılan iddialardan 3-ü həllini tapdı. London Beynəlxalq Arbitraj Məhkəməsi “Palmali”nin “Socar”a 3 məhkəmədən ümumilikdə 245 milyon dollar təzminat ödəməsinə qərar verdi.
Xatırladaq ki, 2018-ci ildə iflas edən “Palmali Shipping” şirkətinin qurucusu Mübariz Mənsimov İstanbulda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində mart ayında nəzarətə götürülüb və İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə Mənsimov haqqında “FETÖ / PDY silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7.5 ildən 15 ilədək həbs cəzası verilməsi barədə cinayət işi açılıb.