İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Cenevrə kantonu parlamentinin üzvlərinə müraciət edib.
Unikal.org xəbər verir ki, müraciətdə təəssüflə qeyd edilib ki, ötən il erməni əsilli deputat tərəfindən Cenevrə kantonunun parlamentinə "Dağlıq Qarabağ Respublikası"na müstəqillik statusu verilməsinə dair R936 saylı qətnamə layihəsi təqdim olunub. 30 ilə yaxın dönəmdə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar, azərbaycanlılara qarşı etnik təmizləmə və terror siyasəti apardığı, 1 milyona yaxın azərbaycanlının doğma torpaqlarından didərgin salındığı, Qarabağın Ağdam şəhərinin "Qafqazın Xirosiması"na çevrildiyini xatırladan soydaşlarımız cenevrəli deputatları bu qətnamə layihəsinə səs verməməyə çağırıblar.
"İsveçrədə yaşayan azərbaycanlılar olaraq sizi sözlə inandırmağa çalışmırıq. Səsvermədən öncə bir dəqiqə susub, I Qarabağ müharibəsi ərzində həlak olmuş 25 min, II Qarabağ müharibəsində həlak olmuş 6 min insan haqqında fikirləşməyinizi xahiş edirik. Hər iki müharibə Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində aparılıb. İnsanların 30 il öncəki kimi sülh şəraitində yaşamaları üçün xüsusi status lazım deyil", - deyə soydaşlarımız vurğulayıblar.
Müraciətin sonunda xirosimalı qız Sadako Sasakinin kədərli hekayəsini xatırladan soydaşlarımız deputatlara sülh və müharibəsiz həyat naminə birlikdə kağızdan durna-oriqami düzəltməyi və öz adlarından İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının ünvanına göndərməyi xahiş ediblər.