Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı BELTA agentliyi yayıb.

Belarus dövlət başçısının Mətbuat xidmətindən verilən məlumata görə, ikigünlük səfər zamanı Prezident Aleksandr Lukaşenko və Prezident İlham Əliyev arasında iki görüş baş tutacaq. Bu görüşlərdən biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra keçiriləcək. Dövlət başçıları qeyri-rəsmi görüş zamanı Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

Danışıqların rəsmi hissəsinin çərşənbə günü keçirilməsi planlaşdırılır. Prezidentlərin görüşü dar və geniş tərkibdə heyət üzvlərinin iştirakı ilə keçiriləcək. Əsas diqqət qarşılıqlı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə yönəldiləcək. Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsi məsələlərini nəzərdən keçirəcəklər. Onlar həmçinin səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq mövzularına da toxunacaqlar.

Dövlət başçıları həmçinin beynəlxalq gündəmdəki aktual məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.