“Hərbi Qənimətlər Parkının açılışını bu gün etdim. Orada nümayiş etdirilən düşmənin dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü göstərdi, bir daha düşmənin məğlubiyyətini göstərdi. Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının kiçik bir hissəsini təşkil edir. 125 artilleriya topu, 366 tank, 7 ədəd S-300 zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilib və qənimət kimi götürülüb”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.
Dövlət başçısı deyib ki, Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək: “Görəcək ki, bu qələbəni əldə etmək nə qədər çətin idi. Düşmən 30 il ərzində azad edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, Azərbaycan hərbçiləri bütün bu maneələri dəf edərək düşməni məğlub etdi”.