Məleykə Abbaszadə indi də özəl ali məktəblərlə döyüşə gedir
11:37 31-01-2013
CƏMİYYƏT
Məleykə Abbaszadə indi də özəl ali məktəblərlə döyüşə gedir
TQDK sədrinin onlara barmaq
silkələməsinin sensasion sirri "Unikal"da!
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə maraqlı açıqlamalarla çıxış edib. Abbaszadənin çıxışında ən ilginc məqam isə onun bəzi özəl ali məktəbləri hədəf seçməsi olub. "Unikal" isə TQDK sədrinin bu həmləsinin pərdəarxasını öyrənməyə çalışıb.
Əvvəlcə gəlin Məleykə Abbaszadənin özəl ali məktəblərə yönəlik kəskin iradlarının məzmunu ilə tanış olaq. TQDK sədri çıxışında bildirib ki, Azərbaycanda ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir.
Onun sözlərinə görə, abituriyentlər ərizələrinin ilk mövqelərində əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. Onun sözlərinə görə, 2012-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 6.31 faiz olub. 2000-ci illərin başlanğıcında bu göstərici 0.67 faiz təşkil edib: "On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox kiçikdir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyildir. İndiyə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Lakin, təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər".
Doğrudur, TQDK sədri konkret özəl ali məktəb adları çəkməyib, amma söhbətlərin hansı qeyri-dövlət universitetlərindən getdiyini bilmək çətin deyil. Böyük ehtimalla xanım Abbaszadə növbəti çıxışlarında konkret ünvanlar da göstərəcək.
Onun "bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər" sözləri də düşündürücüdür; bununla TQDK sədri heç şübhəsiz, həmin özəl ali məktəblərin rəhbərlərinin şəxsi mənfəətlərini ümumtəhsil maraqlarından üstün tutmasına işarə edir. Gələcək çıxışlarında Məleykə Abbaszadənin bu yöndə də daha açıq və konkret danışacağını təxmin etmək çətin deyil.
Bəs TQDK sədrini özəl ali təhsil müəssisələri üzərinə hələlik xəbərdarlıq tonunda həmlə etməsinin səbəbi nədir? Bu suala "Unikal" əməkdaşı adının çəkilməsini istəməyən təhsil ekspertlərinin birinin köməyi ilə cavab tapıb.
Həmin ekspert bildirib ki, ölkədəki əksər özəl ali məktəblərin rəhbərləri özlərini təhsil naziri Misir Mərdanovdan asılı hesab etdikləri üçün (lisenziyalar, köçürmələr, diplomların təsdiqlənməsi və s. Kimi məsələlərlə bağlı) ona yaxınlığı ilə seçilir, bir növ təhsil nazirinə itaətkarlıq nümayiş etdirirlər. Bu isə Mərdanovla uzun müddətdir açıq nüfuz savaşında olan TQDK sədrinə xoş gəlmir. Hesab etmək olar ki, Məleykə Abbaszadə məhz bu səbəbdən onlara hələlik üstüörtülü və yumşaq ultimatium göndərir, demək istəyir ki, təhsil nazirinin "sağ əli" funksiyasını yerinə yetirməkdən əl çəksinlər.
TQDK sədri hələlik yumşaq üslubu və qeyri-konkret, təyinatsız iradları ilə "xəbərdarlıq atəşi" açır, öz təsir imkanları və səlahiyyətləri hesabına özəl ali məktəblərin rəhbərlərinin gününü qara edə biləcəyinin ismarıcını göndərir. Qarşı tərəfin bundan hansı nəticə çıxaracağını isə yəqin ki, zamanla görəcəyik.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00