Əkrəm Əylisliyə tərs sillə
11:38 31-01-2013
CƏMİYYƏT
Əkrəm Əylisliyə tərs sillə
Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında çap olunan "Daş yuxular" romanına yazıçılar və millət vəkilləri sərt reaksiya verib. Xalq şairi Vaqif Səmədoğlu açıqlamasında məlum əsər və həmkarı haqqında bunları dedi:
"Bu onun öz işidir. Öz vicdanı ilə cavab versin. Hansı məqsədlə yazıldığını biləndə ilk növbədə ağla epataj anlayışı gəlir. "Epataj" dəyəndə, əlbəttə ilk növbədə şou və şou-biznes adamları yadımıza düşür". Daha sonra Xalq şairi qeyd edib:
"Mənim əsərlərimə cəmi iki nəfər qiymət verib. Rəsul Rza və Məmməd Arif. Məmməd Arif mənə demişdi ki, "ədəbiyyatla məşğul ol, ixtiyarın var, amma unutma ki, şair gərək ildə bir dəfə şuluq salsın".
Gördüm ki, dünyada bütün tanınmışlarda da epataj var. Əkrəm də da yəqin epataja əl atır. Doğrudur, romanı oxumamışam. Əkrəm də mənim kimi yaşa dolub. Yəqin yaddan çıxmaq qorxusu və bəyənilmək ehtirası, kimlərəsə xoş gəlmək ehtirası var. Elə şeylər ədəbiyyatda şou-biznes söz-söhbətini xatırladır. Mənim üçün Nadir Qafarzadənin "türklər kimdir, onlardan min dəfə yaxşı oxuyuruq" deməsi ilə "Daş yuxular" arasında mahiyyət etibarilə heç bir fərq yoxdur".
"Ermənilər Andranikin yerində, ya da yanında Əkrəm Əylislinin heykəlini qoyacaqlar". Bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
:"Bütün erməni yazıçıları birləşsəydi, dırnaqarası erməni həqiqətlərini rus dilində, beynəlxalq jurnalda dünyaya çatdırmaq istəsəydilər, bunu edə bilməzdilər. Bu qədər azərbaycanlını, türkü, nə qədər çalışsaydılar aşağılasınlar, aşağılaya bilməzdilər. Əkrəm Əylisli bunların hamısını bir dəfəyə eləyib, onların yerinə həll elədi".
Milli Məclisin deputatı, şair Musa Quliyevin (Musa Urud) əsərlə bağlı fikirləri isə daha sərt olub.
Onun sözlərinə görə, "Daş yuxular" romanında indiyə qədər bütövlükdə erməni ədəbiyyatının, Azərbaycana və türk dünyasına qarşı aqressiv mövqedə duran Silva Kaputikyan və Zori Balayan da daxil olmaqla hec bir erməni yazarının nail olmadığı təhqirlər, töhmətlər və rişxəndlər əks olunub.
"Əkrəm Əylisinin əsərinin qəhrəmanı şübhəsiz ki, onun öz prototipi, sünnət olunmuş Əylis ermənisidir. Bir erməni obrazını yaradıb. Bu onun öz işidir, özü də dediyinə görə, bu onun öz təxəyyülünün məhsuldur. İstədiyi obrazı yazıçı yarada bilər, amma "Xalq yazıçısı" adını daşıyan adam öz xalqını erməni xalqını böyütməkdən ötrü bu qədər aşağılamalı deyil. Bunun başqa yolları var, başqa fəndlər tapa bilərdi. Əslində, bu, ermənilərin uzun illərdən bəri Azərbaycan torpaqlarına istər Qarabağ, istər Naxçıvan torpağına iddiası Əkrəm Əylisli tərəfindən təsdiqidir və onun belə demək olar ki, dəstəkləməsidir. Əylisin, eləcə də tək Əylisin yox, bütün Naxçıvanın qədim torpaqlarının ermənilərə məxsus olmasını və Azərbaycan türklərinin sonradan gəlib, erməniləri qıraraq, onların yerində məskunlaşmasını Əkrəm Əylisli ən qatı millətçi erməninin də qibtə edəcəyi uğurla təsvir edə bilib. Azərbaycanın nə qədər müqəddəsliyi varsa, bu əsərində o rişxənd obrazına çevirib və aşağılayıb. Burada istər bizim azadlıq mübarizəmizin təhqir olunması, istər toponimlərimizin, onların Azərbaycan dilində izahının lağa qoyulması, bu yerlərin ermənilərə məxsus olmasının göstərilməsi, İslam inancımızdan doğan sünnət ayininin təhqir olunması ("yəni Allah peyğəmbərdən ağılsızdırmı ki, insanları bu cür yaradır, Peyğəmbər onun səhvini düzəldir"), Azərbaycan qadınlarının, Əylisdəki qadınların timsalında nə qədər tənbəl, biganə, ürəksiz olması, əksinə isə erməni qadınının orada yetim Camalın qayğısına qalması, hətta onun başının bitinin dırnağı ilə dərindən təmizləməsinə qədər göstərilməsi kimi məqamlar "xalq yazıçısı"nın xalqına münasibətinin göstəricisidir".
Millət vəkili bildirib ki, bu cür əsərlərlə bəşərilik qazanmaq olmaz.
"Bəlkə də Əkrəm Əylisli fikirləşir ki, bu cür əsərlər yazmaqla ona da Nobel mükafatı verəcəklər. Onu da böyük, bəşəri yazıçı kimi tanıyacaqlar. Düşünürəm ki, bu onun tərəfindən böyük bir səhvdir. Heç vaxt öz xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayağına atan yazıçı ümumbəşəri ola bilməz. Mən çox təəssüf edirəm ki, "Xalq yazıçısı" adını daşıyan, "İstiqlal" ordenli bir yazıçımızın əsəri Ermənistanda da toy-bayram kimi qarşılanır. Bu bizim həm də ermənilərlə siyasi müstəvidə mübarizəmizə böyük bir zərbədir.
Xocalı faciəsinin bütün dünyada tanındığı bir dövrdə belə bir əsərin ortaya çıxması, Azərbaycanın tanınmış yazıçısı tərəfindən qələmə alınması, "tək mən Azərbaycanda yaxşıyam, bütün azərbaycanlılar pisdir" şüarının ortaya atılması bizim bu işimizə də böyük əngəl törədəcək. Bu əsərdə Bakıdakı ermənilərin vəhşicəsinə qətlinin, Sumqayıt qətliamının azərbaycanlılar tərəfindən törədildiyi qeyd edilir. Bununla da bir millətin Xocalını da özü törətdiyini iddia edəcək qədər ermənilərin əlinə böyük bir dəstək vermiş olur.
Ermənilərin əlinə başqa bir dəstavüz verir ki, belə bir vəhşi millətlə biz birgə necə yaşaya bilərik. Ona görə də dünya birliyi bizim Qarabağın Azərbaycandan ayrılması tələbini haqlı saymalı və dəstəkləməlidir. Yəni bütün bu əsər həm millətə, həm dövlətin müstəqilliyinə qarşı çox böyük qəsddir. Ermənilərin 25 il ərzində Qarabağ savaşı başlayandan bəri vurmadıqları zərbəni Əkrəm Əylisli vurub. Ən pisi odur ki, Əkrəm Əylisi əsərinin başında yazıb ki, mən bu əsəri bu dünyadan dərdli köçmüş həmyerlilərimə ithaf edirəm.
Təbii ki, Əkrəm "həmyerlilərim" deyəndə Əylis ermənilərini nəzərə tutur. Əsərinin axırında isə əsəri Əylisdə bitirdiyini yazır. Göstərir ki, əgər hər öldürülən bir erməninin üzərində bir şam yandırılsaydı, bu şamların işığı Ayın işığından da parlaq olardı. Dolayısı yolla türklər tərəfindən milyondan çox erməninin öldürüldüyünü göstərir. Əkrəm Əylisli 2005-2006-cı illərdə Əylisdə yaşadı. Əylislilərin çörəyini yedi, Əylislilər onun suyunu daşıdı, onun odununu yardılar, evini isitdilər, evində ona qulluq etdilər. Əkrəm Əylisli də Əylis ermənilərinin xətrinə Əylis azərbaycanlılarını o qədər aşağıladı, onların hamısını qatil, yaramaz, tənbəl və mədəniyyətsiz adlandırdı. Mən buna çox təəssüf edirəm və hesab edirəm ki, buna bir ictimai təpki, qınaq olmalıdır".
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00