Rusiya Azərbaycanı təkləməyə cəhd edir
11:43 31-01-2013
CƏMİYYƏT
Rusiya Azərbaycanı təkləməyə cəhd edir
Vladimir Putin Azərbaycana "Favorit" zenit raket sisteminin satışına qadağa qoyub
Azərbaycan-Rusiya münasibətləri tədricən gərginləşməyə doğru gedir və ekspertlərin fikrincə, bu gərginlik Azərbaycana xoş olmayan sürprizlər vəd edir.
Onların sözlərinə görə, Rusiya ötən əsrin sonlarında Azərbaycanda və Cənubi Qafqazda itirmiş olduğu geopolitik üstünlüyü bərpa etmək kursu götürüb və bu məqsədə yetişmək naminə ən müxtəlif üsullara əl ata bilər.
Xatırladaq ki, tanınmış politoloq Qabil Hüseynli vaxtilə qəzetimizə verdiyi müsahibədə Quba hadisələrini analiz edərkən baş verən hadisədə Rusiyanın xüsusi xidmət orqanlarının barmağı olmasını istisna etməmişdi. Politoloq fikrini bununla əsaslandırmağa çalışmışdı ki, sözügedən olaylar gözlənilmədən və olduqca mütəşəkkil formada ortalığa çıxmışdı.
Bu yaxınlarda İsmayıllı rayonunda vəziyyət yenidən gərginləşəndə Qabil Hüseynli yenə də Rusiyanı nişan verdi. Politoloqun gümanlarının nə dərəcədə reallığa söykənməsini təsdiqləyə bilməsək də, onunla mübahisə etmək fikrində də deyilik.
Və nəhayət, Rusiyada yaşayan azərbaycanlı milyarderlərin son aylar ərzində fəallaşıb daha ciddi şəkildə təşkilatlanması və onların Azərbaycandakı siyasi-sosial durumla bağlı mətbuatda fikirlər səsləndirməsi, həmin ittifaqın üzvü Ramazan Abdulatipovun gözlənilmədən Dağısatana rəhbər göndərilməsi… Bütün bu silsilə faktlar Rusiyanın Azərbaycan ətrafında toxuduğu şəbəkənin getdikcə daralmasından xəbər verir.
Xatırladaq ki, indiki mərhələdə Rusiyanın Azərbaycana yönəlik iki istəyi var: 1.Azərbaycan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsun; 2. Azərbaycan Avrasiya İttifaqına qoşulsun.
Azərbaycan Prezidenti İlham Əliyev bu istəklərin hər ikisini diplomatik şəkildə rədd edib.
Belə ki Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bəyan edərək bildirib ki, Ümumdünya Gömrük Təşkilatının ötən il Brüsseldə keçirilən iclasında Avrasiya Gömrük İttifaqının gömrük əməkdaşlığı naziri tərəfindən Azərbaycana təşkilata qoşulmaq təklif olunub, lakin həmin görüşdə Azərbaycan tərəfi quruma qoşulmayacağını bəyan edib.
"Bu gün Azərbaycan hökumətinin və gömrük xidmətinin mövqeyi ondan ibarətdir ki, biz Avrasiya Gömrük İttifaqına qoşulmaqdan uzağıq və bunu perspektivdə də görmürük. Azərbaycan müstəqil ölkədir və bu davam edəcək", - deyə A.Əliyev bildirib.
Qeyd edək ki, hazırda Avrasiya Gömrük İttifaqının üzvləri Rusiya, Belarus və Qazaxıstandır. İttifaq çərçivəsində gömrük rüsümları və digər iqtisadi xarakterli məhdudiyyətlər tətbiq edilmir.
Və bu cür aydın və konkret cavablardan sonar Rusiya əks-tədbirlər görməyə başlayıb. İlk tədbirlərdən biri budur ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycana "Favorit" zenit raket sisteminin satılmasını qadağan edib.
Rusiyada nəşr olunan "Nezavisimaya qazeta" Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib ki, V. Putin bu addımı Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı aparılan danışıqların uğursuz nəticələnməsindən sonra atıb.
Qəzet Azərbaycan tərəfinin ermənilərin Xocalı aeroportundan istifadə zamanı təyyarələri vurması ilə bağlı bəyanatını da şərh edib. Şərhdə bildirilir ki, Azərbaycan təyyarələri vurmaq imkanını 2010-cu ildə Dmitri Medvedevin prezidentliyi dövründə Moskvanın Bakıya müasir tipli, bəzi parametrlərinə görə dünyada analoqu olmayan iki ədəd "Favorit" zenit raket sistemi satması nəticəsində əldə edib. Azərbaycan Xocalı aeroportundan istifadə edəcək təyyarələri bu raket vasitəsi ilə asanlıqla vura bilər. Bu zenit raket sistemi texniki xarakteristikasına görə, bütün Dağlıq Qarabağ səmasını nəzarətdə saxlamaq imkanına malikdir.
Rusiya Müdafiə Nazirliyindəki hava hücumundan müdafiə üzrə mütəxəssis qəzetə bildirib ki, bu sistem 150 km məsafədə istənilən hədəfi yüz faiz dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Bu isə o deməkdir ki, Xocalı aeroportundan istifadə edəcək istənilən hava gəmisi "Favorit" zenit raket sistemi vasitəsilə məhv edilə bilər.
Ekspertin sözlərinə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Ermənistanın Hava Hücumundan Müdafiə sistemi ölkə səmasının təhlükəsizliyini təmin etmək iqtidarındadır" bəyanatı versə də, "Favorit"dən istifadə zamanı praktiki olaraq heç nə etmək mümkün deyil.
Nadir
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00