Kərəm Həsənovun 32 milyon manatlıq müəmması
12:45 01-02-2013
CƏMİYYƏT
Kərəm Həsənovun 32 milyon manatlıq müəmması
Komitə sədri dövlətdən vətəndaşlara ayrılan komepensasiya pullarını neyləyib?
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adı yeni qalmaqalda hallanır. Qalmaqalda həm də dövlətdən ayrılmış 2 milyon manatın qaranlıq qalan taleyi maraq doğurur.
Söhbət ondan gedir ki, Azadlıq prospekti, 154 ünvanında 16 mərtəbəli binanın sakinləri və obyekt sahiblərinə qarşı qanunsuzluqlar xeyli müddətdir başlayıb və hələ də davam edir. Binanın keçmiş sakini, üç mənzilin sahibi Fuad Abbasov bildirib ki, indiyədək o və qızı nə mənzillərini, nə də məhrum olduqları mənzilə görə kompensasiya almayıblar.
Düzdür, ona "Azinko" şirkəti tərəfindən tikilmiş mənzil təklif ediblər, lakin o, keyfiyyətin aşağı olması ilə əlaqədar imtina edib.
Kələfin ucu da burada görünür - məsələ burasındadır ki, adıçəkilən şirkət həm də sözügedən binada söküntü işlərini həyata keçirib və Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin nəzarətindədir, daha da dəqiqləşdirsək, "Azinko"ya Kərəm Həsənovun deputat qardaşı Malik Həsənov rəhbərlik edir.
Eyni zamanda bina sakinləri evlərin söküntüsü zamanı çoxsaylı qanunsuzluqların müşahidə edildiyini bildirirlər. Həmin qanunsuzluqlar arasında ən rüsvayçısı odur ki, söküntü haqqında qərar sənədlərini heç kim görməyib. Əvvəlcə sakinlərə deyiblər ki, bu, guya ölkə rəhbərliyinin şifahi qərarı əsasında həyata keçirilir, daha sonra isə iddia ediblər ki, binanın qəzalı vəziyyətdə olması haqqında aidiyyatı qurumlar tərəfindən aktı hazırlanıb. Di gəl ki, həmin qurumlar belə bir aktın həqiqətən varlığını təsdiq etmirlər. Bu da işin içində xeyli qanunsuzluqların və kimlərinsə hansısa şübhəli niyyətlərinin mövcudluğundan xəbər verir.
Bnanın birinci mərtəbəsində yerləşən "Gülnarə" restoranının həmsahibi də nə kompensasiya, nə də başqa bir yer almadığını bildirib.
Əldə etdiyimiz məlumatlara görə, sözügedən bina ilə bağlı 2011-ci ilin sentyabrında Dövlət Əmlak Komitəsinin şöbə müdiri Yusif Qəmbərov gəlib və sakinlərə bildirib ki, binanın birinci mərtəbəsindəki bütün obyektlərin sahibləri obyekləri tərk etməlidirlər.
Qəmbərov onlar üçün başqa yer ayrılacağını və dövlətin bunun üçün 2 mln. manat ayırdığını bildirib. "Lakin indiyədək bizə heç nə verməyiblər. Bütün şikayətlərimiz cavabsız qalıb" deyə obyekt sahibləri bildirirlər. Belədə isə Kərəm Həsənovun Komitəyə ayrılan 2 milyon manat kimi ciddi bir məbləği neylədiyi sualı ortaya çıxır. Belə anlaşılır ki, həmin pulların hər hansı formadasa arxasına keçilib və ona görə də kompensasiya umanlar çətin vəziyyətdə qalıblar.
Obyekt sahiblərindən başqa birinin sözlərinə görə, dövlət onların binasının və üç beşmərtəbəli evin söküntüsünə böyük vəsait ayırıb. Belə ki, 16 mərtəbəli binanın söküntüsünə 60 min, üç beşmərtəbənin sökülməsinə isə 50 minə yaxın vəsait gedib. Obyekt sahiblərinə ayrılmış 2 milyon ödənilməyib və bu pul "Azinko"nun hesabına yatıb. Qalan iri məbləğ (təxminən 30 milyon manat) haraya gedib, məlum deyil. Obyekt sahibləri Yusif Qəmbərovla görüşüb bu sualı ona verdikdə o bildirib ki, bu pul guya "yuxarılar" üçün xərclənib.
Xatırladaq ki, 16 mərtəbəli bina və ona bitişik üç beşmərtəbə 2011-ci ildə sökülüb. Söküntünün səbəbi yaxınlıqda dövlət iqamətgahı tikilməsi və yüksək mərtəbələrdən onun içərisinin görünməsi olub. Bundan başqa, tikilməkdə olan iki yarımçıq bina da sökülüb.
Və belə görünür ki, tikilən heç də yalnız bina deyil, həm də dövlət vəsaitidir: belə ki, ortada faktiki olaraq, 32 milyon manatlıq vəsait yoxdur, həmin vəsaitin taleyinə cavabdehlik daşıyan Əmlak Məsələləri Dövləğ Komitəsinin sədrinə məxsus şirkətdən isə heç bir səs-səmir çıxmır. Üstəlik, hansısa vasitələrləsə 32 milyon manatın məsuliyyətini öz üzərlərindən "yuxarılar"ın üzərinə atılır. Əlbəttə, bu söhbət böyüyərsə, o zaman Kərəm Həsənov və şirkətinə baha başa gələcəyi şübhə doğurmur.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12
2024-12-26 13:33:10
2024-12-26 13:23:39
2024-12-26 13:23:00
2024-12-26 13:02:00
2024-12-26 12:34:30
2024-12-26 12:26:14