Səfər Əbiyev gündəmə gəlir
12:46 01-02-2013
CƏMİYYƏT
Səfər Əbiyev gündəmə gəlir
Yaşar Cəfərli: "Müdafiə naziri 7 il 2 ay ərzində döyüş şəraitində hərbi xidmət keçənlərin haqqını kəsib, zabit və gizirlərin ailə büdcəsinə küllü miqdarda ziyan vurub"
Müdafiə Nazirliyi: "Bu fikirlər həqiqəti əks etdirmir və bir sıra hallarda şişirdilmiş "faktlarla" ictimai rəydə çaşqınlıq yaradılır"
Deyəsən, ötən ilin yanvarında öldürülmüş sıravi əsgər Qubad Hüseynovun ruhu müdafiə naziri Səfər Əbiyevin nazir kreslosuna qənim olacaq. Və təkcə onun ruhu deyil...
Açıqlamalara görə, son dövrlərdə hər il Azərbaycan ordusunda qeyri-döyüş vəziyyətində 100-ə yaxın əsgərimiz həlak olur.
Elə onların da ruhu...
Görünən budur ki, Səfər Əbiyev seyt-not vəziyyətinə düşüb - ondan narazı qalan ictimai rəylə ondan üz çevirən hakimiyyət arasında.
Və general epoletlərini daşıyan bir hərbçiyə yaraşmayan tərzdə xilas kəməri geyməyə çalışır - imzatoplama kampaniyasına başlamaqla.
Adətən, bu və ya digər sosial-siyasi problemlə bağlı hakimiyyətin qeyri-rəsmi sözçüsü rolunda çıxış edən millət vəkili Siyavuş Novruzov bu dəfə gözlənilmədən Səfər Əbiyevin komandasını hədəfə götürdü.
(Nəzərə alaq ki, hakimiyyət mənsubları mətbuata çıxanda elə-belə söz danışmırlar və onların mətbu çıxışları bir qayda olaraq ciddi şəkildə razılaşdırılır.)
Millət vəkili imzatoplama kampaniyası barədə deyib ki, "Hərbi xidmətdə olan zabitin borcu qanuna tabe olmaqdır: "Gündə bir bəyanat yazmaq, kimisə müdafiə etmək, digərini müdafiə etməmək zabitin işi, borcu deyil. Belə işlərlə məşğul olmaq Silahlı Qüvvələrin daxili nizamnaməsinə də, digər qanunvericilik aktlarına, hüquqi prosedurlara da ziddir. Hesab edirəm ki, bu, çox səhv addımdır. Orduya atılan böhtanın, əsassız ittihamın hər birinə fərdi qaydada cavab verilə bilər. Hansı zabit istəsə, bunu fərdi qaydada həyata keçirə bilər. Amma orduda kampaniya ola bilməz. Bu, qəti şəkildə qadağandır. Bu, kiminsə başadüşməzliyi və səhvi kimi ortaya çıxıb. Bu səhv ortadadır. Nəsə baş veribsə, hansısa ictimai təşkilat buna münasibət bildirə, ordu ilə bağlı müxtəlif müzakirələr keçirilə bilər. Amma bunun xidmətdə olan zabitə heç bir aidiyyəti yoxdur. Zabitin borcu qarşısına qoyulan vəzifəni layiqincə yerinə yetirmək, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək və daxili nizamnaməyə tabe olmaqdır".
Bu da faktdır ki, hazırda Müdafiə nazirliyini ciddi tərzdə küncə sıxışdıran qurum Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyidir.
Birlik Prezident İlham Əliyevə, ombudsman Elmira Süleymanovaya, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirmək qərarı verib. Yanvarın 30-da mətbuat konfransı keçirən ictimai birliyin sədri Yaşar Cəfərli deyib ki, 2005-ci ilin sentyabrın 1-nə qədər cəbhə bölgəsində xidmət edən zabitlərə üçqat əməkhaqqı verilməsi qüvvədə olub: "Qanunun bu müddəası qüvvədə ola-ola müdafiə naziri Səfər Əbiyev 1998-ci ilin iyun ayında əmr imzalayıb ki, əməkhaqqı ikiqat ödənilsin və bu əmr hərbi hissələrdə dərhal icraya yönəldilib".
Yaşar Cəfərlinin sözlərinə görə, 2005-ci ildə Müdafiə Nazirliyi Milli Məclisə müraciət edib və parlament "Hərbi qulluqçuların statusu haqqında" qanunu dəyişərək cəbhə bölgəsindəki zabitlərə əməkhaqqının üçqatdan ikiqata endirilməsinə qanuni don geyindirib: "1992-ci ilin yanvar ayından qüvvədə olan "Hərbi qulluqçuların statusu haqqında" qanuna əsasən, dövlət döyüş bölgələrində xidmət edən hərbi qulluqçulara üçqat əməkhaqqı öhdəliyi götürüb. Amma 1 iyul 1998-ci ildən başlayaraq döyüş bölgələrində xidmət edən hərbi qulluqçulara əməkhaqqı ikiqat verilib. Müdafiə nazirinin həyata keçirdiyi bu qanun pozuntusu 1 sentyabr 2005-ci ilədək davam etdirilib. Yalnız həmin gün Müdafiə Nazirliyinin təklifi əsasında "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik olunub, "üçqat hesablanılır" ifadəsi "ikiqat hesablanılır" ifadəsi ilə əvəz edilib. Bununla da nazir analoqu olmayan biabırçı hərəkətinə 7 il 2 aydan sonra qanuni don geyindirməyə nail ola bilib".
Yaşar Cəfərli bildirib ki, müdafiə naziri 7 il 2 ay ərzində döyüş şəraitində hərbi xidmət keçənlərin haqqını kəsib, zabit və gizirlərin ailə büdcəsinə küllü miqdarda ziyan vurub: "Bu qanunsuz hərəkəti irimiqyaslı oğurluq hadisəsi kimi də dəyərləndirmək olar. Müdafiə naziri Səfər Əbiyev öz hüquqlarını məhkəmələrdə müdafiə etmək istəyən zabitlərə qarşı mənəvi terror həyata keçirir. Hakimlər Müdafiə Nazirliyindən qorxduqlarını gizlətmirlər. Açıq-aşkar deyirlər ki, onlar zabitlərin xeyirinə qərar çıxara bilməz".
Yaşar Cəfərli əlavə edib ki, məsələnin çözülməsi üçün prezident İlham Əliyevə, ombudsman Elmira Süleymanovaya və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət olunub, həmçinin zabitlər Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul ediblər.
Nazirlik vəziyyətin ciddiləşdiyini görüb dərhal operativ yayımla Birliyə mətbuat vasitəsilə cavab verib:
"Ehtiyatda və istefada olan zabitlər" İctimai Birliyinin keçirdiyi mətbuat konfransında döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının əsassız şəkildə azaldıldığı qeyd edilir. Mətbuat Xidməti bildirir ki, tədbirdə səslənən fikirlər həqiqəti əks etdirmir və bir sıra hallarda şişirdilmiş "faktlarla" ictimai rəydə çaşqınlıq yaradılır.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 1998-ci il tarixli qərarı ilə hərbi qulluqçuların vəzifə maaşları orta hesabla 3.5, hərbi rütbəyə görə maaşlar isə orta hesabla 2 dəfə artırılmışdır. Həmin qərarla da döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların vəzifə və rütbə maaşları ikiqat həcmdə ödənilməyə başlanılmışdır.
Bildiririk ki, Nazirlər Kabinetinin bu qərarı təkcə Müdafiə Nazirliyinə deyil, həm də döyüş əməliyyatlarında iştirak etmiş digər güc strukturlarının hərbi qulluqçularına da şamil olunmuşdur. Müdafiə Nazirinin müvafiq əmri də məhz Nazirlər Kabinetinin həmin qərarına əsaslanmışdır. Beləliklə, adı çəkilən normativ hüquqi aktların qəbul edilməsi nəticəsində döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların pul təminatı nəinki azalmış, əksinə orta hesabla 2.5 dəfə artıb.
Bu səbəblərə görə də ictimai birliyin Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddialar məhkəmələr tərəfindən rədd edilib.
Savalan
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44