Oqtay Əsədovdan sərt ittiham
12:44 02-02-2013
CƏMİYYƏT
Oqtay Əsədovdan sərt ittiham
Deputatlar Əkrəm Əylislinin Azərbaycandan çıxarılmasını tələb etdilər
Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Yaz sessiyasının birinci iclasının gündəliyinə 12 məsələ daxil edilib. Milli Məclisi İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək.
İclası spiker Oqtay Əsədov açıb. Spiker deyib ki, Milli Məclis yazz sessiyasında məhsuldar işləməyə çalışacaq.
Milli Məclisin iclasında spiker Oqtay Əsədov Əkrəm Əylislinin "Daş yuxular" əsərini kəskin tənqid edib və öz etirazını bildirib.Spiker bu əsəri Azərbaycana baş ucalığı gətirməyən əsər, mənfi kitab kimi qeyd edib. O, bu kitabdan xəcalət çəkdiyini vurğulayıb. Daha sonra o qeyd edib ki, bunlar boş yerdən yazılmayıb: "2006-cı ildən Əkrəm Əylisli bu kitabı yazıb. İndi 2013, seçki ilidir, niyə kitabı indi ortaya çıxır. Məqsəd nədir?"
O. Əsədov bildirib ki, "bunların məqsədini yiyələri daha yaxşı bilir".
"Yiyələrindən soruşmaq lazımdır, onun ətrafındakı dostları yaxşı bilir. Məqsəd Nobelə təqdim etməkdir. Amma bunu heç bir halda millətin qınağından yayındıra bilməz. Mən ona qulaq asırdım. "Azadlıq Radiosu"nda bildirib ki, mən bədii roman yazmışam. Sən əgər bədii roman yazmısansa niyə Sumqayıtdan, Ermənistanda 80 nəfər uşağın turbaya doldurub qaynaq edəndən yazmırsan. Sən bilmirsən Sumqayıt hadisələrini kim törədib? Axı bunlar hamısı məlum məsələlərdir. Buna münasibət çox pis və kəskindir".
Spiker bildirib ki, Əkrəm Əylislidən qəhrəman düzəltməyə ehtiyac yoxdur və onun cavabını tarix verəcək. Milli ruhu olan hər bir adam ona öz etirazını bildirməlidir.
Vitse-spiker Bahar Muradova da Əkrəm Əylislinin əsərini kəskin tənqid edib və bunu xəyanət adlandırıb. "Bu xəyanətdar. Və xəyanatkara da münasibət bir olmalıdır. Təkcə Ermənistandan gələnlər, qarabağlılar, bakılılar kimi məsələyə yanaşmaq yox, azərbaycanlılar kimi münasibət bildirmək lazımdır" deyə vitse-spiker vurğulayıb.
Onun sözlərinə görə əsərdə Azərbaycan vətəndaşlarına müxtəlif ayamalar, şəbədələr qoşulur. "Normal məntiq bunu heç cürə qəbul etmir. Əkrəm Əylisli guya bəşəri mədəniyyətin tezislərini yazdığını deyir. İndi isə məlum oldu ki, bu illər ərzində Əkrəm Əylisli aktyor olub. Bu illər ərzində aktyorluq edib. Biz də ona ən yüksək adları vermişik. Mən həmişə fikirləşirdim ki, bunun əsərlərində bu qədər kin və qəzəb hardandır.
Əkrəm Əylisli mən burdan sənə deyirəm. Əmin ola bilərsən Ermənistanda, Qarabağda qətlə yetirilmiş günahsız insanların ruhu sənə rahatlıq verməyəcək, harda olsa bunlar səni tapacaq. Tələb edirəm, qoy onun ətrafındakı adamlar, Ziyalılar Forumu münasibət bildirsin. Qoy görək kim kimdir. Biz bunları tanıyaq, qoy bilək kiminləyik. Ziyalılar Forumu kimdir, bunun ətrafındakı münasibətləri aydınlaşdırarq".
B.Muradova qeyd edib ki, neçə gündür bu kitabı oxuyur və bu Azərbaycan xalqının təhqirindən başqa bir şey deyil. "Necə olur ki, bizimlə birgə yaşayır və biz bunu qəbul edirik. Odur ki, Bakıdan çıxıb getsən get qohumlarının yanına, onlar sənə daha yaxındırlar", - deyə Bahar Muradova vurğulayıb.
"Əkrəm Əylisinin
əsəri ölkədə qadağan edilməlidir"
Bu sözləri Milli Məclsinin keçirilən plenar iclasında millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib. O, əsərin ölkədə qadağan edilməsini təklif edib.
"Bu əsər xalqa vurulan zərbədir. Odur ki, bu kitabın təsirləri çox böyükdür və dövlətin əsaslarına yönəlib. Bu kitabda Əkrəm Əylisli azərbaycanlıları təhqir edib. Dünyada günahkar azərbaycanlı xalqı obrazı yaradır. Bu kitab qadağan olunmalıdır", - deyə Ə. Əhmədov qeyd edib.
Nizami Cəfərov Əkrəm Əylislinin Azərbaycan vətəndaşlığından
çıxarılmasını tələb etdi
Milli Məclisin yaz sessiyasında çıxış edən deputat Nizami Cəfərov Əkrəm Əylislinin Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb edib. O bildirib ki, "Daş yuxular" əsərilə Əkrəm Əylisli Azərbaycan xalqını təhqir edib. "Bu təhqirə qarşı kəskin addım atılmalıdır. Əkrəm Əylisli Azərbaycan vətəndaşlığından məhrum edilməlidir. Qoy gedib İrəvanda yaşasın. Sən kimsən ki, xalq adından belə günahı boynuna götürürsən".
N. Cəfərovun sözlərinə görə, bütün dünya "erməni xəstəliyi"nin olduğunu etiraf etdiyi bir halda, onun Azərbaycan xalqını belə qəddar və xəstə bir cəmiyyət kimi təqdim etməsi üçün heç bir halda şərh və izah da yoxdur.
Milli Məclisdə
QALMAQAL düşdü
Milli Məclisin plenar iclasında qalmaqal yaşanıb. İclasın gündəliyi müzakirə olunarkən I vitse-spiker Ziyafət Əsgərovla deputat İqbal Ağazadə arasında mübahisə düşüb.
İqbal Ağazadə seçki qanunvericiliyinə dəyişikliklər və Mərkəzi Seçki Komissiyası ilə bağlı etiraz xarakterli çıxış edib. O, ölkədə seçki komissiyalarına etimadın az olduğunu vurğulayıb və təklif edib ki, parlament seçkilərində ən azı 1 faiz səs toplayan siyasi partiyalar da seçki komissiyalarının formalaşdırılmasında iştirak etsin. İqbal Ağazadə müxalifətçilərin çıxışlarının telekanallarda verilməməsinə də toxunub. Ümid Partiyasının sədri sərbəst toplaşmaq azadlığı haqqında qanuna dəyişiklik edilməsini də vacib sayıb.
İ.Ağazadə danışarkən mikrofonu söndürülüb. İclasa sədrlik edən Ziyafət Əsgərov bu addımı qaldırılan məsələnin bitmiş məsələ olması ilə əlaqələndirib. İqbal Ağazadə isə mikrofonu söndürülsə də, çıxışına davam edib və mikrofonun yandırılmasını istəyib. Z. Əsgərov isə bu tələbi cavabsız qoyub.
İ.Ağazadəyə deyilib ki, onun çıxışı üçün ayrılmış 5 dəqiqə bitdiyinə görə, sözü yarıda kəsilib. İqbal Ağazadə isə çıxışının yarıda kəsilməsinə etiraz edərək, 5 dəqiqə yox, 10 dəqiqə danışmaq istədiyini bildirib.
Bunun əvəzində I vitse-spiker Ziyafət Əsgərov bildirib ki, Milli Məclisin qərarı ilə çıxış üçün 5 dəqiqə müəyyənləşib.
Çıxışının kəsilməsindən qəzəblənən İqbal Ağazadə deyib ki, Daxili Nizamnaməyə görə, deputat 10 dəqiqə danışa bilər. "Mənim çıxış etmək imkanımı xahiş edirəm təmin edəsiniz".
Lakin Ziyafət Əsgərov İqbal Ağazadənin bu sözünə əhəmiyyət verməyərək, bildirib ki, Məclisin qərarına hörmətə yanaşmaq lazımdır. Bu isə İqbal Ağazadəni hiddətləndidib. O, yüksək tonlu səslə "mənim hüquqlarını niyə pozursunuz? Niyə məni məcbur edirsiniz ki, sizinlə başqa cür danışım. Mənim 5 dəqiqəlik hüququmu təmin edin" deyə bildirib.
Ziyafət Əsgərov yenə bu sözlərə əhəmiyyət verməyərək, digər çıxışçı - Sabir Rüstəmxanlıya söz verib. Sabir Rüstəmxanlı çıxışını başlamaq istəyərkən İqbal Ağazadə yerindən yüksək tonlu səslə deyib ki, "Sabir bəy siz Vətəndaş Həmrəyliyi Partiyasının sədrisiniz. Mən xahiş edirəm, tələb edin ki, mənim 5 dəqiqəlik hüququma hörmət edilsin. Mənim danışmağıma imkan yaradın".
Bundan sonra Ziyafət Əsgərov yenidən Sabir Rüstəmxanlıya bildirib ki, "Sabir müəllim siz çıxışınızı davam edin".
Ancaq İqbal Ağazadə səs-küy salmaqda davam edib. Belədə Sabir Rüstəmxanlı Ziyafət Əsgərova bildirib ki, "xahiş edirəm bu mübahisəni bitirin, mən çıxışıma davam etmək istəyirəm".
Ziyafət Əsgərov isə qeyd edib ki, Məclisin qərarı var: "Çıxışlar üçün 5 dəqiqə ayrılıb və siz çıxışınıza davam edin".
Bundan sonra mübahisə böyüyüb və İqbal Ağazadə əsəbi şəkildə iclas zalını tərk edib.
"Aksiyalara bolşevik
təfəkkürü ilə yanaşılır"
Milli Məclisin plenar iclasında YAP-icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir sıra müxalifətçilərin seçki komissiyalarının yenidən təşkil edilməsi ilə bağlı tələblərinə münasibət bildirib.
Müxalifət qüvvələrini tənqid edən deputat buna ehtiyac olmadığını deyib. "Seçki komissiyalarının dəyişdirilməsinə, yenidən təşkil edilməsinə heç bir ehtiyac yoxdur. Əhali sizə səs vermir. Nə edək? Bunun üçün seçki komissiyalarını hər dəfə dəyişməyə lüzum yoxdur".
YAP-çı deputatın sözlərinə görə, Azərbaycanda normal seçki təcrübəsi mövcuddur.
"Kim səs yığa bilmirsə, bu seçki komissiyaların günahı deyil".
O, eyni zamanda seçki təbliğatı üçün kampaniya müddətinin az olması ilə bağlı iradları qəbul etməyib. Bildirib ki, onsuz da çoxu il ərzində siyasətlə məşğul olurlar.
Bununla yanaşı, son vaxtlar baş verən olayların şişirdilməsinə də münasibətini bildirən Siyavuş Novruzov məsələyə bolşevik təfəkkürü ilə yanaşıldığını deyib.
"Azərbaycan Respublikasının qanunları var və məsələlər bunun əsasında öz həllini tapır".
Qənirə Paşayeva
gənc ailələrin mənzil
probleminin
həllinə çağırıb
"Azərbaycanda artıq sosial ipoteka ilə bağlı məsələnin reallaşdırılması və öz həllini tapması sürətləndirilməlidir.
Çünki insanların, xüsusilə, gənclərimizin, gənc ailə sahibi olan vətəndaşlarımızın öz mənzil şəraitlərini yaxşılaşdırmaları üçün sosial ipotekadan yararlanmalarına böyük ehtiyacları var".
Bu fikirləri millət vəkili Qənirə Paşayeva deyib.
"Qeyd etmək istəyirəm ki, nəhayət sosial ipoteka ilə bağlı məsələnin öz həllini tapması zamanıdır. Çünki mənzil və ev alma bu gün gənclərimizin və gənc ailə sahiblərimizin ən böyük problemlərindən və çətinliklərindən biridir. Parlament olaraq, biz bu məsələyə öz dəstəyimizi verməliyik. Yəni, "Sosial ipoteka haqqında" yeni qanun layihəsini, o cümlədən, qüvvədə olan "İpoteka haqqında" mövcud qanuna dəyişikliyi nəzərdə tutan qanunvericilik aktını yaz sessiyasının müzakirəsinə çıxarıb, qəbul etməliyik.
İnsanlarımız, gənclərimiz bunu səbirsizliklə gözləyirlər. Çünki gənclərimizin, gənc ailə sahibi olan vətəndaşlarımızın böyük əksəriyyətinin mənzilə, evə ehtiyacları var. Onlar ipoteka yolu bu məsələni həll etmək istəyirlər. Ona görə bir daha parlament rəhbərliyindən xahiş edirəm ki, bu məsələnin həllini sürətləndirsinlər".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44