Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi "Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb.

Bu barədə İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Unikal.org-a açıqlamasında bildirib.

“Ssenari müsabiqəsi fevralın 1-dən aprelin 30-dək elan edilmişdi. Baxmayaraq ki, kifayət qədər ssenarilər İttifaqa daxil olub, amma qrumun İdarə heyətinin qərarı ilə ölkədə davam edən pandemiya şəraitini nəzərə alaraq, bundan əlavə ölkəmizin müxtəlif bölgələrindən ssenari yazmaq istəyən və ya hələ ssenarisini yazıb bitirə bilməyən şəxslər tərəfindən İttifaqa daxil olan xahiş zənglərini nəzərə tutaraq müsabiqənin vaxtı 1 ay-may ayının 31-ə qədər uzadılır.

Sonra qurumun sözçüsü Əli Vəliyev qeyd edib ki, “müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edəcək. Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər ekranlaşdırılmaqla yanaşı, pul mükafatı və diplomla təltif olunacaq. Belə ki, Ən yaxşı bədii film ssenarisinə 5 min, Ən yaxşı sənədli film ssenarisinə 3 min 500, Ən yaxşı qısametrajlı film ssenarisinə 3 min, Ən yaxşı animasiya film ssenarisinə 2 min manat pul mükafatı təqdim olunacaq.” 
Məlumat üçün bildirək ki, ssenari müsabiqəsinin qaydaları ilə bağlı bundan əvvəl açıqlamalar verilib. Yenidən tanış olmaq istəyənlər qrumun Arki.az saytına daxil olaraq məlumat ala bilərlər.
Qeyd edək ki, ssenarilər may ayının 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməli və ya şəxsən təqdim edilməlidir.