“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.
Unikal.org xəbər verir ki, iclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri və üzvləri iştirak ediblər.
Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiq edilib.
İclasda Müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvləri Cəmiyyətin 2020-ci ildəki fəaliyyətini əks etdirən maliyyə hesabatlarını müvafiq olaraq auditi həyata keçirmiş beynəlxalq audit şirkətinin nümayəndələri ilə birgə müzakirə ediblər.
Bununla yanaşı, iclas zamanı Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikası ilə bağlı beynəlxalq mütəxəssislərin iştirakı ilə təqdimat həyata keçirilib və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikirlər səsləndirilib.
İclasda fəaliyyət diaqnostikasının nəticələri nəzərə alınmaqla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni çağırışlara cavab verən fəaliyyət strategiyasının hazırlanması istiqamətində də müvafiq tapşırıqlar verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.