Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda onlayn konfrans keçirilib.
Komitədən Unikal.org-a verilən məlumata görə, Çin Xalq Respublikası, Ukrayna, İtaliya, Belarus, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Misir, Rusiya, Finlandiya, Türkiyə, Fransa daxil olmaqla, ümumilikdə dünyanın 30 ölkəsindən 100-dən çox azərbaycanlı gənc konfransa qatılıb, onların 20-si çıxış edib.
Qurumun sədri Fuad Muradov müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması Ulu Öndərin bilavasitə uzaqgörən siyasətinin nəticəsidir.
Konfransda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan diasporuna diqqət və qayğısı barədə ətraflı məlumat verilib. Daha sonra diaspor gənclərinin Azərbaycan həqiqətlərinin, eləcə də Qarabağda qazandığımız böyük zəfərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sıx və mütəşəkkil fəaliyyəti, sosial şəbəkələrdə çevik reaksiyaları, yaşadıqları ölkələrdə dövlətimizin maraqlarının qorunması, milli-mədəni irsimizin təbliği ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Diaspor gəncləri bu ili böyük həmrəylik ili adlandırıb, qələbəmizin bizi daha möhkəm birləşdirdiyini, həmrəyliyimizin yeni keyfiyyət mərhələsinə qalxdığını qeyd ediblər.