9 may 2021-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Böyük Vətən müharibəsi veteranları, MDB ölkələrinin ölkəmizdəki səfirlərinin və digər akkreditə olunmuş nümayəndələri, 44 günlük Vətən Müharibəsi iştirakçıları, gənclər, rayon ictimaiyyəti nümayəndələri iştirak etmişlər. Mərasim Böyük Vətən Müharibəsində, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
MDB dövlətləri adından və Nərimanov rayon ictimaiyyəti adından 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulmuşdur. Tədbir iştirakçıları abidə önünə gül dəstələri düzüb, kompleksi ziyarət edib, həmçinin veteranlarla foto çəkdiriblər.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov faşizm üzərində qələbənin qısa tarixindən söz açıb, Azərbaycan dövləti rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib. Səfir, Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırıb.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə veriyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıqları qeyd etmişdir
Ulu Öndərimizin müharibə veteranlarına göstərdiyi böyük diqqət və qayğı siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən A.Fərzəliyev, ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısını sosial siyasətin əsas istiqamətlərindən biri kimi səciyyələndirib, həmçinin Qələbə günü ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsinin bu qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Həmçinin, A.Fərzəliyev tarixi torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan haqq savaşında şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən, xalqımıza Şanlı Qələbə sevincini və qürurunu yaşadan bütün müharibə iştirakçılarına təşəkkürünü bildirmiş, qəhrəman oğullarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu diqqətə çatdırmışdır.