Qarabağ danışıqlarında son nöqtə
12:49 05-02-2013
CƏMİYYƏT
Qarabağ danışıqlarında son nöqtə
Müharibə çağırışları artır
ATƏT-in Minsk qurupunun növbəti cəhdidə uğursuz oldu. Əslində, Paris görüşündən heç nə gözlənilmirdi və öncədən də qeyd olunmuşdu ki, bu görüş sadəcə olaraq atəşkəsin qorunmasına xidmət edəcək. Bununla yanaşı prinsipial bir məsələnin, Xankəndi hava limanının taleyi də bu görüşdən asılı idi. Görüşdən dərhal sonra verilən açıqlamalar təsdiqlədi ki, nəzərdə tutulan məsələlərin müzakirəsi heç bir nəticə verməyib və buna görə növbəti görüş planlaşdırılır. Bu arada xarici işlər nazirinin müavini də açıqlama verərək görüşün effektsiz olduğunu bəyanlayıb.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Paris görüşü ürəkaçan olmayıb. Bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Əzimov qeyd edib ki, bu görüşün nəticələri əvvəlkilərdən fərqlənməyib və rəsmi Bakını razı salmayıb.
Xarici işlər nazirinin müavini Minsk prossesinə yeni bir təşəbbüs verilməsinin vacibliyini vurğulayıb.
"Azərbaycan tərəfi bu təşəbbüsü irəli sürüb və təəssüf ki, Ermənistan buna müsbət cavab vermir və Dağlıq -Qarabağ münaqişəsinin həllində öz ənənəsinə uyğun mənfi mövqe tutmaqdadır. Ermənistanda bu il seçkilər keçiriləcək, bəlkə də seçkilərdən sonra nə isə dəyişə bilər. Biz Minsk qrupu ilə birgə çalışmalıyıq", - Əzimov deyib.
O vurğulayıb ki, Ermənistan vaxt udmaq istəyir, amma anlamır ki, vaxt onların əleyhinə işləyir.
"Bu məsələdə udanın kim, uduzanın kim olduğunu öyrənmək istəyirlərsə, özlərinin və Azərbaycanın inkişafına baxsınlar. Azərbaycanın işğal olunmuş torpaqlarını bu və ya digər yolla geri qaytaracağına heç kəsin şübhəsi olmasın. Ona görə təklif edirəm ki, praktiki addımlara keçək," - Əzimov deyib.
Əzimovun sözlərinə görə, yəqin ki, həmsədrlər ənənəyə uyğun olaraq 2013-cü ildə Azərbaycanda və Ermənistanda seçkilərin keçiriləməsinə görə bu ili "siləcəklər".
O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin yeni təklifləri yoxdur, səylər var.
"Səylər ondan ibarətdir ki, prosesin ölü nöqtədən tərpədilməsi üçün hər hansı bir formada təkan olsun", - deyə XİN müavini bildirib.
Əzimov xatırladıb ki, Ermənistan 2010-cu ildə münaqişənin həllinə dair həmsədrlərin hazırladığı əsas prinsiplər layihəsini rədd edib. Bundan sonra 2 il Rusiya tərəfindən aparılan vasitəçilik də heç bir nəticə vermədi. Bir sözlə, 2010-cu ildən sonra heç bir konkret inkişaf qeydə alınmayıb.
O bildirib ki, amma vaxt gedir, münaqişənin həll edilməməsi Azərbaycanı, ölkənin üzv olduğu beynəlxalq təşkilatları və Azərbaycanı dəstəkləyən ölkələri narahat edir.
"Ermənistan getdikcə izolyasiyaya düşür və onun bu vəziyyətdən çıxış yolu Azərbaycanla barışmasından keçir", - Əzimov vurğulayıb.
Ekspertlər hesab edir ki, yaxın bir il ərzində hansısa nəticə gözləməyə də dəyməz. Çünki hər iki ölkə prezident seçkilərinə hazırlaşır. Seçkilər zamanı isə bu görüşlər nəticəsiz olur.
Bu arada başqa bəyanatlar da səslənməyə başlayıb. Belə ki, iddia olunur ki, hazırda iki ölkə müharibəyə daha yaxındır və müharibənin alovlanma əmri rəsmi Kremldən gəlir. Hətta buna görə son altı ay ərzində Rusiyanın Ermənistanı silahlandırması da aktivləşib. Müşahidəçilər bu fikirdədir ki, Rusiya müharibəni alovlandırmaqla Azərbaycanı cəzalandırmağa çalışır.
Bunu da qeyd edək ki, Xocalı aeroportunun yenidən gündəmə gəlməsi də danışıqlara mənfi təsir edir.
“Azərbaycan ərazisi olan və 1990-cı ildən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayıram”.
Avropa Parlamentinin üzvü Kristiina Ojuland Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən belə deyib.
Avropa Parlamentinin üzvü bildirib ki, bu hərəkət Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi ziyan vurmaqla bərabər, beynəlxalq hüququ, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və Çikaqo Konvensiyasını pozacaq: “Xocalı aeroportunun yenidən açılmasının ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən sülh danışıqlarına olduqca mənfi təsiri olacaq. Bundan əlavə, Ermənistan rəhbərliyinin məsuliyyətsiz təşəbbüsü AB-nin, bütövlükdə sülh prosesində etdiyi cəhdlərinə hörmətsizlik kimi qəbul edilə bilər. Bu planın 1992-ci ildə baş vermiş Xocalı faciəsi ilə bağlı simvolizmi nəzərə alsaq, bu cür hərəkət, hətta daha sonra bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq”.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00