Məmur övladlarının sabotajı
12:51 05-02-2013
CƏMİYYƏT
Məmur övladlarının sabotajı
Onların hərəkətləri xalqı hökumətdən narazı salmağa hesablanıb
İsmayıllıda baş verən məlum hadisələr daha bir mövzunu gündəmə gətirdi. Bu, bəzi iri məmurların övladlarının qanunsuz, cəmiyyətdə narahatlıq və narazılığa yol açan addımlarıdır.
Əlbəttə, biz bir çox məmurların övladlarının xoşməramlı fəaliyyətini də bilirik. Onlar haqqında cəmiyyətdəki müsbət rəyləri gözardı etmək fikrimiz yoxdur.
Amma bu, bir reallıqdır ki, bəzi məmurların övladları da özlərini "papanın gül balası" kimi aparmaqla insanlarda qıcıq oyadırlar. Vəzifəli atalarının puluna, kreslosunun gücünə həddən artıq aludə olan belə məmur övladlarının adlarının bulaşdığı çeşidli qalmaqalları göstərmək olar. Onlar sanki gizli bir sabotajla məşğuldurlar - öz davranışları ilə hökumətə qarşı qıcıq formalaşdırırlar.
Bir daha qeyd edək ki, bunun son nümunəsi İsmayıllıda minlərlə insanın narazılığına gətirib çıxaran hadisələrdir; orada əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus otel ətrafındakı narazılıqların hansı səs-küylü hadisələrə gətirib çıxardığı göz önündədir.
Ümumiyyətlə, zaman-zaman istər cəmiyyətdən gələn təpkilərə, istərsə də mətbuatın tənqidlərinə baxmayaraq məmur uşaqları öz davranışlarına çəki-düzən vermək istəmirlər. Hətta bir müddət əvvəl Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun narkoman məmur uşaqları haqqında çıxışı da əslində bəzi vəzifəli şəxslərin övladlarının cəmiyyət üçün nə qədər təhlükəlilik, pis örnək təşkil etdiyinin göstəricisidir.
Zaman-zaman biz mətbuatda hansısa iri məmurun oğlunun "avtoşluq", hansınınsa ictimai yerlərdə qoçuluq faktları ilə bağlı da oxuyuruq və istər-istəməz belə hallar insanlarda təəssüflə bağlı, tərəddüdlərə də yol açır. Adamlar fikirləşirlər ki, əgər hansısa vəzifəli şəxs övladını Azərbaycan cəmiyyətinin mental keyfiyyətlərini özündə əks etdirən, ümumi ictimai davranış qaydalarına uyğun olan ruhda böyüdə bilmirsə, onu cəmiyyətə sağlam bir fərd kimi təqdim etməyi bacarmırsa, onda belə məmurların öz işlərində uğurlu fəaliyyət göstərmələri necə mümkün ola bilər?
Bəzi iri məmurlar unutmamalıdırlar ki, onların övladlarının ərköyünlüyü, şıltaqlığı, atalarının maddi gücünə, kapitalına, vəzifə səlahiyyətlərinə güvənərək etdikləri xoşagəlməz hərəkətlər yalnız onları ictimai qınaq hədəfinə gətirmir, bu, ümumilikdə hökumətin imicinə mənfi təsir edir. Füzuli Ələkbərovun oğlunun "baş qəhrəman" rolu oynadığı İsmayıllı hadisələrinin timsalında isə gördük ki, bəzən hətta təhlükəli proseslərin təkanverici qüvvəsinə çevrilir. Ona görə də bəzi iri məmurlar uşaqlarının ictimai davranışlarına diqqət yetirməli, onların "ipini" bir az da olsa, çəkmək haqqında düşünməlidirlər.
Başqa bir məqama da diqqət çəkək: keçən il maraqlı bir məlumat yayılmışdı, həmin məlumatda deyilirdi ki, türkiyəli məşhur müğənni Tarkan Bakıda olarkən otellərin birində qalıb. Məhz Tarkan bu oteldə qalacağı üçün bir neçə gün əvvəldən otelin bütün nömrələri bron edilib. Müştərilər əsasən məmur övladları olub. Məlumatlarda deyilir ki, onların məqsədi Tarkanı yaxından görmək, müğənni ilə şəkil çəkdirmək, eyni oteldə qalmaq feyzini yaşamaqdır.
Əhalinin böyük bir hissəsinin maddi problemlər ağuşunda çabaladığı bir vaxtda bəzi məmur övladlarının bax belə şən, qayğısız həyat aludəçiliyi, bahalı əyləncələrə, eyş-işrətə meylliliyi də xalq tərəfindən birmənalı qarşılanmır. İnsanlar öz çətin həyat şəraitləri ilə məmur övladlarının lüks həyatları arasında paralellər apararaq, həm hökumətə etimadlarından təəssüflənir, həm də daxili qəzəblə yüklənirlər. Axı olmazmı bəzi vəzifəli şəxslərin övladları əllərindəki maddi imkanı vətən və millət üçün faydalı işlərə sərf etsinlər, xalqa öz əyləncəli, eyş-işrət dolu vərdişləri yerinə ona xidmət etməyin yollarını nümayiş etdirsinlər. Necə ki, belə məmur övladları da var və onların ümumilli məsələlərlə bağlı fəaliyyəti cəmiyyət tərəfindən həmişə təqdirlə qarşılanır.
"Ərköyün" məmur övladları da onlara qoşulsa, pismi olar? Əksinə, bu həm onların özləri ətrafında müsbət fikirlərin formalaşmasına yol açar, həm də ümumilikdə hökumətə baş ağrısı yaratmaqdansa, ona ictimai etimadın oturuşmasında mühüm rol oynayar.
Bütün bunları ümumiləşdirərək bir daha vurğulamağı vacib sayırıq: bəzi məmur övladlarının "şıltaqlıqlar"ı artıq dözülməz hədd yaradır və İsmayıllı olaylarında biz bunun əyani şahidi olduq. Növbəti bir "İsmayıllı nümunəsi"nin yaranmaması, oxşar xoşagəlməzliyin meydana çıxmaması üçün belə məmur övladlarına qarşı həm ictimai qınağı gücləndirmək, həm də onlara qarşı hüquqi dözümsüzlüyü aradan qaldırmaq zamanı gəlib. Əks halda onların "ərköyünlükləri" hökumətin özünə başağrısı yaratmaqda davam edə bilər.
Azər Aslan
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50