Gözdən iraq Urmiya və yaxud bu göl niyə quruyur?
12:52 05-02-2013
CƏMİYYƏT
İranlı deputat: "Urmiya gölünün qurumasının qarşısının alınması üçün heç bir iş görülməyib"
Telman Zeynalov: "Urmiya gölü həm də ona görə quruyur ki,
müəyyən xarici dövlətlər İrana qarşı ekoloji silahlardan istifadə edir"
Urmiyə gölünün qurumasına etiraz olaraq bir neçə ildir ki, Təbrizdə və İranın digər şəhərlərində etiraz aksiyaları keçirilib. İranlı mütəxəssislərin fikrincə, İran hökuməti Urmiya gölünün hövzəsində olan çayların qabağını kəsir, sədd vurur və lazımi suyu Urmiyə gölünə ötürmür. Urmiya gölünün öz suyunu saxlaması üçün əsas təminat mənbəyi yağış, həmçinin ətrafında axan çaylar və yeraltı sulardır. Gölün ətrafında axan çaylara həddən artıq su səddi qurulub.
Onlar vurulmamalıdır, dövlət bunu azı 3-4 ildir ki, bilir və amma davam etdirir.
Ekspertlərin fikrincə, ikinci mühüm səbəb əkinçilik üçün ərazidə qazılan su quyularının sayının həddindən artıq çox olmasıdır. İran dövləti bunun qabağını ala bilərdi və indi də ala bilər.
Daha bir mühüm səbəb isə "ətraf mühit məsələlərinə riayət edilmədən" Urmiyə gölünün üzərindən körpünün salınmasıdır. Beynəlxalq konvensiyalara görə, belə körpülərin salınmasında ən yüksək texnologiyalardan istifadə olunmalıdır və beynəlxalq təşkilatlardan (ekspertlik üçün) yararlanmaq olar.
Körpü salınmazdan öncə ətraf-mühit sertifikatı alınmalı idi, amma Ürmiyə gölündə buna riayət olunmayıb.
Ən az bilikli ekspert də bilir ki, bu işləri burda görməzlər, İran dövlətinin niyə bunu etməsi sual doğurur.
Urmiyə gölünün qurumasına qarşı etirazlar dörd ildən artıqdır davam edir və onlar insanların həbsilə nəticələnir.
Məlumatlara görə, ötən il İran parlamenti Urmiyə gölünün qurumasının qarşısını almaq üçün tədbirlərə maliyyə vəsaiti yaymaqdan imtina etmişdi.
İran hökumətinin gölə "etinasızlığı" Bakıda və İranın azərbaycanlılar yaşayan şəhərlərində etiraz aksiyalarına səbəb olmuşdu.
İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərini ölkə parlamentində təmsil edən deputat Nadir Qazipur Urmiya gölündəki ekoloji fəlakətdən danışıb.
N.Qazipur bildirib ki, Urmiya gölünün qurumasının qarşısının alınması Qərbi Azərbaycan vilayətinin əsas problemlərindən biridir: "Araz su anbarından Urmiya gölünə su axıdılması planlaşdırılırdı, hətta bunun üçün dövlət büdcəsindən vəsait də nəzərdə tutulmuşdu. Ancaq İran Energetika Nazirliyindən bildiriblər ki, indiyədək bununla bağlı heç bir iş görülməyib. Halbuki Urmiya gölü ətraf mühitin mühafizəsi üçün çox önəmlidir".
Onun sözlərinə görə, Urmiya gölünün qurumasının qarşısının alınması üçün bir sıra layihələr mövcuddur və bunlar İran rəsmilərinin Qərbi Azərbaycan vilayətinə səfərləri zamanı siyahıya alınıb: "Bunlardan ən önəmlisi Nazlı və Baranduz sədlərinin tikintisinin dayandırılmasıdır. Belə ki, 2012-ci ilin avqustunda bunların dayandırılması haqda göstəriş verilib. Halbuki Nazlı səddinin 50%-i, Baranduz səddinin isə 40%-i tamamlanmışdı. Hazırda hər iki bəndin tikintisi tamamilə dayandırılıb və hələlik layihə icra edilmir. Bu sədlərin inşasının dayandırılmasının səbəbi maliyyə problemi ilə yanaşı, Urmiya gölündəki ekoloji fəlakətlə də bağlıdır".
N.Qazipur deyib ki, bir müddət əvvəl Urmiya gölünə su axıdılması məsələsi ilə bağlı toplantı keçirilib və yığıncaqda bütün problemlər öz həllini tapıb: "Bu baxımdan Urmiya gölünün qurumasının qarşısının alınması üçün nəzərdə tutulan layihənin əməldə də icra olunmasını gözləyirik. Lakin İran Energetika Nazirliyi 2013-cü ilin aprel ayından Baranduz səddinin tikintisinin yenidən davam etdiriləcəyini açıqlayıb".
Milli Ekologiya Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun "Unikal"a söylədiyinə görə, "Aramızda nə qədər mədəni-milli-tarixi bağlılıqlar olsa da, Urmiya gölünün quruması İran dövlətinin daxili problemidir və bu məsələni birinci növbədə onlar həll etməlidir. İranın Qərb bölgəsindəki ekosistemin yararlı durumda olmasında bu gölün rolu misilsizdir. Ona görə də Urmiya problemi yubadılmadan həll edilməlidir".
Ekspertin sözlərinə görə, İran dövləti arada Araz çayının suyunun bir hissəsinin Urmiya gölünə axıdılması üçün Azərbaycanla ortaq məxrəcə gəlmək niyyətində idi. "Lakin mən bir daha təkidlə qeyd edirəm ki, Arazın Urmiya gölünə axıdılması böyük bir fəlakətlə nəticələnə bilər. Əgər bu baş verərsə, ölkəmizin Aran zonalarında quraqlıq yaranar, kənd təsərrüfatı məhsulları məhv olar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin də bu məsələ ilə bağlı mənimlə həmfikirdirlər, onların da fikri mənimlə eynidir. Onlar başqa cür hərəkət edə bilməzlər. İnanmıram ki, bizim nazirlik buna razılıq versin", - deyə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri vurğulayıb.
Zeynalovun iddiasına görə, "Urmiya gölü həm də ona görə quruyur ki, müəyyən xarici dövlətlər İrana qarşı ekoloji silahlardan istifadə edir. Bu məqamda Birləşmiş Ştatların HARP sistemini yada salmamaq olmur".
Savalan
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50