Duzdan özünüzü gözləyin!
10:13 06-02-2013
CƏMİYYƏT
Məhərrəm Novruzov: "Almaniyada istehsal edilən duzdan sonra dünyada ikinci ən keyfiyyətli duz Naxçıvan duzudur"
Çoxsaylı tədbirlərə baxmayaraq, qanunla istehsalı, idxalı, satışı qadağan edilmiş duzlar bu gün də satılır, istehsal müəssisələrində istifadə olunur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuat konfransında bildirib ki, hətta ən nüfuzlu supermarketlərdə satışı qadağan olunmuş duzlar vardır.
Onun sözlərinə görə, "Qiymətləri ağılasığmaz dərəcədə bahadır. Xaricdən idxal olunmuş duzun kiloqramı 10 manata qədər çıxır. Cürbəcür bəzəkli qablaşdırmalarla, duza ədviyyatlar qatılaraq istehlakçılar aldadılır. Bunlar əsasən "Sea Solt", "Kamis", "Artyomsol" "Extra" markalı duzlardır."
AİB-in sədrinin təsdiqlədiyinə əsasən, saxta duzun istehsalı, idxalı və satışı sanitar və güc orqanlarının gözü qarşısında baş verir. Saxta təhlükəli duzların, təxminən, 80 faizi ölkəyə idxal olunur, 20 faizi isə ölkə daxilində istehsal olunur:
"Ukraynanın "Artyomsol" mal nişanı ilə qablaşdırılmış, yodsuz duzların topdan satış şəbəkəsi iki ay öncə Şəmkir rayonunda ifşa edilsə də, hələ də Gəncə bölgəsində satışı qadağan olunmuş bu duzların istehsalı və satışı davam edir. "Artyomsol" da bazarı təmizləmək üçün maraq göstərmir. Biganə qalırlarsa, deməli, maraqları var. Biz bunu hələ ifşa edə bilməmişik".
Hüseynov bildirib ki, aparılan çoxsaylı işlər nəticəsində yodlu duzdan istifadə 25%-dən 80 %-ə yüksəlib: "Bizim məqsədimiz 100%-ə nail olmaqdır. Masazır Duz Zavodu tikilməsəydi, bu problem həll edilməzdi".
Hüseynov qeyd edib ki, təmizlənməmiş duzlar əsasən pendir, turşu istehsalı sexlərində və çörək zavodlarında istifadə olunur.
Mətbuat konfransının sonunda Azad İstehlakçılar Birliyi əhaliyə müraciət edərək yodsuz, su ilə qarışdırıldıqda çöküntü verən, suyun rəngini bulanıq edən duzları almamağa çağırıb.
Qeyd edək ki, 2001-ci ildə "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilmiş, qanunun 8.3-cü maddəsinə görə, yodlaşdırılmamış duzun qida və yem məqsədilə istehsalı, satışı və idxalı qadağandır.
Mütəxəssislər Masazır Duz Zavodunun tam təmizlənmiş və yodlaşdırılmış "Azərduz" və "Bizimduz" markalı duzlarını almağı tövsiyə edirlər.
Naxçıvan MR Filizçıxartma İdarəsinin Düz Mədəninin keçmiş direktoru Məhərrəm Novruzovun "Unikal"a bildirdiyinə görə, "Azərbaycanın duza olan illik tələbatı yüz min tondur. Bu miqdarın 30 min tonu qida duzuna aid edilir, yəni Azərbaycan əhalisi ildə bu qədər duz yeyir. Heyvandarlıqda istifadə edilən yem duzuna olan tələbat isə 55-60 min ton təşkil edir. Yerdə qalan hissə isə texniki tələbatları ödəmək üçündür."
Novruzovun dediyinə görə, "Hazırda Azərbaycanın duz ehtiyatı lazım olduğundan min dəfələrlə artıqdır, sadəcə, bu ehtiyatı bazara çıxartmağa maraq göstərənlər yoxdur. Təsəvvür edin ki, Naxçıvandakı duz mədənində 87 milyon ton istismar edilməmiş duz layları mövcuddur. Bu qədər nəhəng ehtiyatdan il ərzində vur-tut 4 min ton qida duzu emal edilir. Halbuki sovetlərin dönəmində hər il 120 min ton duz istehsal edilirdi. İstehsalın belə kəskin surətdə aşağı düşməsinin yalnız bircə səbəbi var - həmin duz Naxçıvandan Bakıya və ölkənin digər rayonlarına daşınmalıdır. Sadəcə, nəqliyyat problemi həll edilsə və xarici ölkələrdən Azərbaycana Naxçıvan duzu ilə müqayisədə keyfiyyətsiz və zəhərli duz məhsullarının gətirilməsinə son qoyulsa, Azərbaycan əhalisi keyfiyyətinə görə dünyada ikinci yeri tutan Naxçıvan duzu ilə təmin olunar."
Keçmiş direktor bildirir ki, "Avropa laboratoriyalarında aparılmış analizlər nəticəsində müəyyən edilib ki, Almaniyada istehsal edilən duzdan sonra dünyada ikinci ən keyfiyyətli duz Naxçıvan duzudur. Bu duz həm ekoloji baxımdan təhlükəsizdir, həm də tərkibində ən zəruri kimyəvi maddələr mövcuddur. Hesab edirəm ki, ölkədə daxili bazarın və yerlin istehsalçının maraqları kifayət qədər qorunsa, Azərbaycan vətəndaşları təkcə keyfiyyətli duzdan istifadə etməzlər. Daxili bazarın qorunmaması nəticəsində camaatımız həm də digər zərərli qida məhsullarından istifadə etməli olur".
Savalan
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00