Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.
Unikal.org xəbər verir ki, fərdi proqramda çıxış edən idmançılar təsnifat mərhələsini uğurla adlayıblar.
Ağamirova halqa ilə hərəkətlərdə 22.950, topla hərəkətlərdə 24.750, gürzlə hərəkətlərdə isə 25.000 xal toplayıb. O, lentlə hərəkətlərdəki çıxışına görə 21.100 xal alsa da, bu, iki gün ərzində 4 hərəkət arasında ən aşağı göstərici olduğundan hesaba alınmayıb. Buna baxmayaraq, 3 hərəkətin cəmində ümumilikdə 72.700 xal yığan gimnast 12-ci sıranı tutmaqla həlledici mərhələyə adlayıb.
Cəlilova isə təsnifat mərhələsini 20-ci yerdə başa vuraraq finala çıxıb. Hakimlər onun halqa (23.100), gürz (24.250) və lentlə (20.000) hərəkətlərdəki çıxışını ümumilikdə 67.350 xalla qiymətləndiriblər.
Final mərhələsinə ilk 24 pillənin sahibləri vəsiqə əldə ediblər.
Qeyd edək ki, Azərbaycanı qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan təmsil edirlər.