Şahzadə Diana və həyat yoldaşı Çarlzın 40 ildir qorunub saxlanan toy tortlarından qalan bir dilim hərraca çıxarılıb.
Unikal.org xarici KİV-ə xəbər verir ki, toylarının ildönümündə (bu gün) hərraca çıxarılan tort parçasının təqribən 500 sterlinqə (1,184 manat) satılacağı gözlənilir. Hərrac 11 avqusta qədər davam edəcək.
Ağ gümüşü qutuda olan tort parçasının üzərində "Bukingem sarayı, 29 iyul 1981" yazılıb. Bu sözügedən tortun ilk hərraca çıxarılması deyil. Tortun bir dilimlik parçası 2014-cü ildə 375 dollara satılmışdı.
Qeyd edək ki, 1981-ci ilin 29 iyulunda evlənən cütlük 1996-cı ildə boşanıb. Şahzadə Diana bir il sonra avtomobil qəzasında həyatını itirib.