"Beş ulduzlu otel gözəl yerdə inşa ediləcək. Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi, deməli, Şuşanın Baş Planı əsasında inşa ediləcək. Şuşanın Baş Planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur, üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar".
Unikal.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.
"Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər, öz doğma şəhərinə, şəhəri ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik", - dövlət başçısı bildirib.