Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada daha bir tarixi hadisənin şahidi olduq. Avqustun 30-da Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılış mərasiminin keçirilməsi ölkəmizin həyatında əlamətdar hadisə olmaqla yanaşı çox böyük tarixi və siyasi mənası olan bir tədbir kimi xarakterizə olunmalıdır.
Sovetlər dövründə Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir ki, bunun da çox mühüm siyasi əsasları olmuşdur. Çünki həmin dövrdə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Uzun illər ermənilər Şuşaya iddia edir, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Lakin bunun üçün ermənilərin heç bir tarixi, elmi əsasları yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmış və 1982-ci il yanvar ayının 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı baş tutmuş, bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.
Şuşanın işğalı dövründə erməni vandalizmi nəticəsində bütün mədəni, tarixi abidələr kimi Vaqifin məqbərəsi də dağıdılmışdı. Şuşanın işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırarkən cənab Prezident, Müəzffər Ali Baş Komandan İlham Əliyev çox gözəl bir ifadə işlətmişdi: “Biz Şuşanı dirçəldəcəyik!” Bu istiqamətdə işlər praktik olaraq bu ilin yanvar ayının 14-də cənab Prezident İlham Əliyevin Şuşa şəhərinə tarixi səfərindən sonra başlanıldı. Həmin dövrdən cəmi 7 ay keçməsinə baxmayaraq bu qısa müddət ərzində çox böyük işlər görülmüşdür. İlk növbədə, yol çəkildi. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib.
Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya Füzulidən yüksəkgərginlikli xətlər çəkildi, yarımstansiya tikildi. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Hazırda üç məsciddə təmir-bərpa işləri aparılır. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Erməni vandalizminin nəticəsində dağıdılmış Vaqifin məqbərəsi də Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş və Vaqif Poeziya Günləri keçirilməyə başlanılmışdır.
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev yanvar ayının 14-dən etibarən görülmüş işlər, həmçinin qarşıda olan planlar haqqında ətraflı məlumatlar verdi. Şuşada qısa zaman ərzində görülən böyük miqyasda işlər deməyə əsas verir ki, planlaşdırılan bütün işlər çox yaxın müddət ərzində reallaşdırılacaqdır. Bir sözlə, Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır və bütün tədbirlər cənab Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Şuşanın Azərbaycan üçün, xalqımız üçün tarixi-mədəni əhəmiyyəti ilə yanaşı bu gün siyasi əhəmiyyəti də vardır.
Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstlərinin Şuşa işğaldan azad olunduqdan sonra gətirilərək mərkəzi meydanda qoyulması özlüyündə hər mənada böyük əhəmiyyət kəsb edir. Vaqifin məqbərəsi və büstünün yenidən açılması, Üzeyir Hacıbəylinin abidəsinin yenidən qoyulması, dahi bəstəkarın dağıdılmış evinin bərpası ilə bağlı göstərişin verilməsi cənab Prezident İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinə, mədəniyyət beşiyimiz olan qədim Şuşa şəhərinə olan həssas münasibətin əyani təzahürüdür.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın tarixi-mədəni abidələrinin, təbəbiətinin gözəlliyini bütün dünyaya nümayiş etdirmək üçün şəhərdə turizm infrastrukturunun qurulması üçün də müvafiq işlər həyata keçirilməkdədir. “Qarabağ” hotelinin əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açması, “Xarıbülbül” hoteli, həmçinin mənfur düşmənin “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotelin inşa olunmasının planlaşdırılması Şuşanın yaxın gələcəkdə turizm mərkəzinə çevirmiş olacaqdır.
Artıq şəhərin baş planı hazırlanıb və plana əsasən birinci mərhələdə üç, dörd və beşmərtəbəli yaşayış binalarından ibarət 25 yaşayış binasının inşası nəzərdə tutulur. Cənab Prezidentin xeyir-duası ilə yeni yaşayış kompleksinin təməli qoyuldu ki, bu da vətəndaşların yaxın zamanda Şuşaya qayıdacağı deməkdir. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilirlər.
Təməlini 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş qədim Azərbaycan şəhəri olan Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan verdi. Starteji əhəmiyyətə malik olan Şuşanı işal edən düşmən bundan istifadə edərək, bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal edildi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Həmin dövrdə Azərbaycanda olan hərc-mərclik, nizami ordunun olmaması, yaşanan vətəndaş qarşıdurmaları Azərbaycanın məğlubiyyətini qaçılmaz etdi. Ancaq Azərbaycan xalqı heç vaxt bu işğalla barışmaq fikrində deyildi.
Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qalıb. Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi. Şuşa artıq azaddır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz azad Şuşanı dirçəldir. Artıq Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər keçirilir və keçiriləcəkdir. Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır.
Torpaqlarımız işğal edildikdən sonra Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlı olsa da 30 ilə yaxın davam edən danışıqlar prosesinin heç bir nəticəsi olmadı. Ermənistan isə öz təxribatlarından qalmaq istəmirdi. Məhz davamlı erməni təxribatlarının qarşısını almaq üçün başaldılan hərbi əməliyyatlar cəmi 44 gün davam etdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdi.
Milli Məclisin deputatı Cavid Osmanov