Azərbaycan Premyer Liqasının III turunda "Keşlə" öz meydanında "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.
Unikal.org xəbər verir ki, "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında görüşü dəyərləndirib.
"Oyuna fərqli hazırlaşmışdıq. Amma qırmızı vərəqədən sonna işimiz çətinləşdi. Müdafiə olunmalıydıq. Futbolçular xeyli güc itirdilər. Sonda standart vəziyyətdən qol buraxdıq. Üç oyundur uduzuruq, üzgünük. Psixoloji gərginliyi üstümüzdən ata bilmirik. Futbolçular məşqdə daha yaxşıdırlar. Amma oyunlarda gərginlik görünür", - deyə 41 yaşlı mütəxəssis bildirib.
Qurbanov görüşün 28-ci dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan qovulan Anatole Abanqın sərt cəzalandırılacağını söyləyib: "Şəhriyar Əliyevin epizodunda hakimin səhvi var idi. Abanqa göstərilən qırmızı vərəqə isə haqlı idi. O, ən ağır cəzanı alacaq. Əvəzedici komandaya göndəriləcək, AFFA İntizam Komitəsinin cəriməsini özü ödəyəcək. Biz özümüz də ona cəza verəcəyik. Çünki 25-ci dəqiqədə qırmızı vərəqə almaq yolverilməzdir. Oyun epizodu olsaydı, hardasa başa düşmək olardı".