Qabil Mehdiyev: “Nazirliyin tabeliyində olan bütün komplekslərdə olimpiya idman növləri üzrə məşğələlər ödənişsizdir”
Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin etdikdən sonra idman sahəsində buraxılan bir sıra nöqsanlara toxunub. Prezident rayonlarda tikilib istifadəyə verilən idman-olimpiya komplekslərinin fəaliyyətinin ciddi təftiş edilməli olduğunu söyləyib. Bu komplekslərin yeni idmançıların yetişdirilməsində fəaliyyətsizliyini tənqid edib.
Prezident öz çıxışında bildirib ki, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır: “Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin.Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq. Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdı”, - deyə İlham Əliyev vurğulayıb.
Nazirliyin baş məsləhətçi-mətbuat katibi Qabil Mehdiyev bildirib ki, ölkə üzrə 48 idman-olimpiya kompleksi var. Onlardan sonuncusu iyulun 22-də istifadəyə verilən Goranboy Olimpiya İdman Kompleksidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Burada prezidentə məlumat verilib ki, inşasına 2014-cü ildə başlanılan bu kompleksin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini-futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Eyni zamanda, cüdo, taekvando, sambo, karate, kiqboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub. Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var. Həmçinin güləş, boks, fitnes-trenajor, aerobika, gimnastika və rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar yaradılıb. Ərazidə üçmərtəbəli, 44 yerlik mehmanxana da fəaliyyət göstərəcək. Burada da idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var. Futbol stadionunun tribunası 1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini-futbol meydançası da qurulub. Voleybol-basketbol meydançası, həmçinin uşaq əyləncə meydançası yaradılıb. Kompleksdə fiziki imkanları məhdud idmançılar və tamaşaçılar üçün də müvafiq şərait yaradılıb.
Göründüyü kimi, idman-olimpiya komplekslərində idmanın müxtəlif sahələri üzrə idmançı hazırlamaq üçün şərait var. Bəs görəsən bu komplekslərdən neçəsi təyinatı üzrə fəaliyyət göstərir?
Q. Mehdiyev bildirib ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman-olimpiya komplekslərinin hamısı təyinatı üzrə fəaliyyət göstərir: “ Yalnız iki olimpiya kompleksi - Abşeron və Hövsan kompleksləri Covid-19 pandemiyası ilə əlaqədar, müvəqqəti olaraq, modul tipli xəstəxanaya çevriliblər. Pandemiya bitdikdən sonra həmin qurğular da yenidən idmançıların istifadəsinə veriləcək”.
Nazirlik səlahiyyətlisi onu da deyir ki, digər olimpiya komplekslərində məşğələlər davam etdirilir: “Yığma komandaların təlim-məşqləri əksər hallarda həmin komplekslərdə təşkil edilir. Yalnız, pandemiya dövründə Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, uzun müddət digər idman qurğuları kimi, Olimpiya- idman kompleksləri də fəaliyyətsiz qalmışdılar və hazırda karantin qaydalarına uyğun olaraq, tədricən fəaliyyətlərini bərpa edirlər”.
Onun sözlərinə görə, nazirliyin tabeliyində olan bütün komplekslərdə olimpiya idman növləri üzrə məşğələlər ödənişsizdir: “Yalnız qeyri-olimpiya növləri üzrə bölmələr abunəliklə fəaliyyət göstərir. Bu da təbiidir. Komplekslər təsərrüfat hesablı olduqları üçün xərclərinin bir hissəsini abunəli bölmələr hesabına ödəməli olurlar. Həmin vəsait də komplekslərin saxlanılmasına, kommunal xərclərə və əməkdaşların məvacibinə sərf edilir”.
Gülayə Mecid
İstiqamət: uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.