Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Unikal.org-un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, dindirilməmiş 3 şahid qalıb. Həmin şahidlərdən biri ağır xəstə olduğu üçün məhkəməyə gəlmir. Digər iki şahid isə ölkə xaricindədir.
Prosesdə şahidlərin ifadəsi elan edilib.
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir neçə sənəd elan edilib, müzakirəyə çıxarılıb. Növbəti məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başa çatacaq və dövlət ittihamçısı Zakir Sultanova cəza istəyəcək.
Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.
Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə günahlandırılır.
Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, Zakir Sultanov İttihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.