“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Unikal.org-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.