Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Elvin Bədəlov Badamdar qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan zaman tutulub. Onun üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Elvin Bədəlov ifadəsində narkotik vasitələri Ruhin adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə narkotik vasitəni satan Oğuz rayon sakini Ruhin İbrahimov da saxlanılaraq istintaqa təqdim edilib. Ruhin İbrahimovun mənzilinə baxış zamanı ümumi çəkisi 4 kiloqram 43 qram olan satış üçün saxladığı marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərin hər biri izahatlarında Səbail və paytaxtın digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.