Son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilmişdir.
Unikal.org xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilir. Məlumata görə, qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılmış, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilmişdir.
Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.