Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda telefon mağazasında satıcı işləyən Siyavuş Kərimov dindirilib.
Şahid bildirib ki, Ata Abdullayevi 2007-ci ildən tanıyır. Bir neçə dəfə telefon təmir etmək üçün mağazaya gəlib:
"Ata Abdullayev iki-üç ildən bir telefon dəyişirdi. Sonuncu dəyişdiyi telefon "Ayfon" 11, ya 12 idi. Mən telefonu dəyişdim, bilmirdim onu necə alıb və ya neçəyə alıb. Onu bilirəm ki, Ata Abdullayev həmişə "Ayfon" markalı telefon işlədib".
Prosesin davamında şahidlərdənn birinin ölkə xaricində olması və məhkəmədə iştirak edə bilməməsinə görə onun ifadəsi elan olunub.
Şahid Ziya Məmmədovun ifadəsində qeyd olunub ki, Ata Abdullayev Elmar adlı şəxsə zəng edərək onun barəsində rüsvayedici məlumatlar yayacağını deyib:
"Ata Abdullayev deyib ki, mən mebel dükanında qanunsuz işlərlə məşğul olmuşam. Elnara dedim ki, 3 min manat verə bilərəm ona. Ata Abdullayev isə bildirib ki, 5-10 min manatla düzələn deyil. Telefonu alıb göndərdim, 28 May metrosunun yaxınlığında götürməli idi".
Ata Abdullayev məhkəmədən zərərçəkmiş Şahlar Həsənovun məhkəmədə iştirakını təmin etməyi xahiş edib.
Məhkəmə vəsatəti təmin edib və Abşeron rayon, Masazır qəsəbəsinin icra nümayəndəsi Şahlar Həsənovun məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.
Proses noyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
A.Abdullayevə Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.