Qobustan-Umbakı istiqamətində yerləşən Torağay-Qılınc-Ağdam palçıq vulkanlarına infotur təşkil olunub. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova  "Unikal"a bildirib ki, Nazirliyin təşkilatçılığı ilə keçirilən tədbirdə bir sıra dövlət qurumları, özəl təşkilatlar və müxtəlif səfirliklərin əməkdaşları iştirak edib.

“İnfoturun keçirilməsində məqsəd YUNESKO-nun “Qlobal Geopark Şəbəkəsi” Proqramı çərçivəsində ölkəmizdə yaradılması nəzərdə tutulan yeni xüsusi mühafizə olunan ərazi kateqoriyası olan “Qobustan Geoparkı”nın tanıtımı və bu barədə ictimaiyyətin məlumatlandırılmasıdır.

Tədbir zamanı yürüş iştirakçılarına palçıq vulkanlarının xüsusiyyətləri, onların geomorfoloji quruluşu ilə bağlı məlumatlar verilib, ənənəvi qışlaq turizmi nümayiş etdirilib. 

A.Səmədova onu da qeyd edib ki, yaxın illərdə yaradılacaq “Qobustan Geoparkı”nın ölkəmiz və o cümlədən, region üçün əhəmiyyəti böyükdür. 

Onun sözlərinə görə, 300-dən çox palçıq vulkanının yayıldığı ölkə kimi Azərbaycanın YUNESKO ilə əməkdaşlıq zəminində qlobal miqyasda təbliği ekoloji turizmin bir qolu olan geoturizmə töhfə verməklə yanaşı, ölkəyə xeyli sayda turist axınına səbəb olacaq.