"Qarşıda bizi daha ağır qərarlar gözləyir. Bunların sayı da arta-arta gedir".
"Unikal" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə keçirilən oyunu dəyərləndirərkən deyib. O, bildirib:
"Niyə belə olduğunu bilmirəm. Ümumiyyətlə, təkcə bizim yox, bəzi oyunları təhlil etmişəm. Həqiqətən də, reytinqi aşağı olan komandalara yuxarıdan baxırlar. Sanki digər komandaya daha çox simpatiya bəslənilir. Dəfələrlə şahidi olmuşuq. İnsanda necə ürək olmalıdır ki, bu qərarı versin? Bəlkə yeni turnir olduğu üçün burada VAR və "Goal line" sistemi tətbiq olunmayıb. Ancaq sanki hakimlər bundan istifadə edirlər. Bunu görməmək, qolu saymamaq... Gedişata baxanda hər şey tam əksinə olmalı idi. Qolumuz sayılsaydı, bizdə olan boşluqlar rəqibdə yaranacaqdı. Sadəcə, onların vicdanına buraxıram. Dəfələrlə demişəm ki, insan haqlarını bu dərəcədə yemək olmaz. Yenə də ruhdan düşmürük, “sınmırıq”. Əksinə, onlara qarşı daha çox mübarizə aparacağıq. Çünki dəfələrlə başımıza gələn hadisədir. Bu olaylar bizi futboldan iyrəndirə bilməz. Əksinə, bizə daha çox güc verir. Sadəcə, futbolçuların əziyyəti yerdə qalır. Azarkeşlərimizin də istəyi, arzusu var. Bəlkə də, bizə yuxarıdan aşağı baxırlar. Amma başımızı dik tutub gəzirik. “Bazel” kimi komandaya qarşı oynamağımıza baxmayaraq, hücum futbolundan əl çəkmədik, rəqibin üzərinə getdik, xeyli sayda qol epizodu yaratdıq. Əlbəttə, çatışmazlıqlarımız da var. Ancaq ruhdan düşmürük, əksinə, səhvlərimizdən nəticə çıxararaq, qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq".