Türkiyə Super Liqasında XVII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun son matçında “Fənərbaxça” “Beşiktaş”ı qəbul edib.
Bu, 2021-ci ilin son derbisi olub. Əzəli rəqiblərin 353-cü dueli məhsuldar alınıb. 14-cü dəqiqədə “Fənərbaxça”nın ulduz futbolçusu Mesut Özil penaltidən hesabı açıb. 11 dəqiqə sonra Jozef de Souza sabiq komandasını cəzalandıraraq status-kvonu bərpa edib. Lakin Merqim Berişa yarım saatın tamamında ev sahiblərini yenidən önə keçirib.
Fasilədən dərhal sonra Jozefin (59) dublu sayəsində “ağ-qaralar” növbəti dəfə hesabı bərabərləşdirib. Bu, matçda vurulan son qol olub və tərəflər meydanı heç-heçə ilə (2:2) tərk edib. İstanbul derbilərində 95-ci bərabərlikdən sonra “Fənərbaxça” 28 xalla 5-ci, “Beşiktaş” isə 25 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Super Liqada növbəti turun oyunları 21-23 dekabrda keçiriləcək.