Ölkəmizdə reallaşmaqdan olan və 1.5 milyard manata yaxın dəyəri olacaq yeni sosial paket 2 milyondan artıq vətəndaşımızı əhatə edəcək.
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, mühüm məqamlardan biri də əmək haqqı, müavinət və digər artımların özəl sektora, kənd təsərrüfatında çalışanların sosial vəziyyətinə necə təsir göstərməsidir.
"Sosial paketin icrası yalnız dövlət sektorunda çalışanlar üçün deyil, özəl sektor üçün də vacib hesab olunur. Əvvəlla, 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin payı 46,4 faizə qədər yüksələcək. Bu isə ondan xəbər verir ki, gələn il büdcədən ayrılacaq hər 2 manatdan təxminən 1 manatı sosial sferaya yönəldiləcək. Bu sosial istiqamətə 14 milyard manata yaxın vəsaitin ayrılması anlamına gəlir. Sosial ayırmaların artması ishehlakı artıracaq və bu da özəl sektorun, xüsusən də xidmət, ictimai iaşə, turizm və s. sferaların dövriyyəsinin artması baxımdan vacibdir. Çünki, maaş artdıqca istehlak da artır və nəticədə özəl sektorun gəlirlərini çoxaldır. Bu özəl sektorda çalışanların maaşlarının artması və yeni iş yerlərinin artırılması baxımından maliyyə bazası formalaşdırır. Digər tərəfdən, minimum əmək haqqı sadəcə dövlət sektorunda çalışanlar üçün deyil, bütövlükdə ölkə üzrə tətbiq olunur. Bu isə o deməkdir ki, özəl sektorda da gələn aydan 300 manatdan az əmək haqqı vermək mümkün olmayacaq".
Deputat qeyd edib ki, sosial paket aqraq sektorda çalışan və pay torpağı olanlar üçün yeni məşğulluq imkanları təklif edir:
"Belə ki, gələn aydan etibarən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunması nəzərdə tutulur. Yəni, əvvəllər özünüməşğulluq və digər aktiv sosial proqramlarda iştiraka maneə olan “pay torpağı sahiblik” artıq əngəl olmayacaq. Pay torpağı olanlar da pulsuz aktivlərə, o cümlədən sosial iş yerlərinə müraciət edə biləcəklər. Digər tərəfdən, istehlakın artması kənd təsərrüfatı məhsullarına tələbə də təsir göstərəcək. Bütövlükdə, dövlət sektorunda əhatəli sosial proqramlar özəl sektorun inkişafına da xüsusi təkan verir. Bu baxımdan, gələn il Azərbaycanda istehlakın, o cümlədən xidmətlərə tələbin artacağı gözlənilir".
Anar Kəlbiyev