Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İqtisadi Zonaların İnkişafı Agentliyinin” yaradılması haqqında fərman imzalayıb. İqtisadiyyat Nazirliyinin tabeliyindəki fəaliyyət göstərəcək agentlik 65 milyon manatlıq nizamnamə fondu ilə azad iqtisadi zonaların inkişafı ilə bağlı dövlət siyasətini əlaqələndirəcək.
İqtisadçı deputat Vüqar Bayramov bununla bağlı "Unikal"a bildirib ki, İqtisadi Zonaların İnkişafı Agentliyi yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə malik olacaq və onların infrastruktur tələblərini də müəyyənləşdirəcək.
Onun sözlərinə görə, agentliyin yaradılması ondan xəbər verir ki, yeni azad iqtisadi zonaların yaradılması məsələsi aktuallığını qoruyub saxlayıb.
"Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb. İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müsasir infrastrukturun formalaşması bu sahədə imkanları daha da genişləndirir. Deməli, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması istisna edilmir. Bu işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından da vacibdir".
Anar Kəlbiyev