"İstehlak qiymətlərinin suni artımına yol verə bilən addımların qarşısının alınması istiqamətdə fəaliyyət gücləndirilib. 2022-ci ildə bu bizim prioritetimiz olacaq”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Bizi iqtisadi, əhalinin sosial rifahı nöqteyi nəzərdən narahat edən məsələlər var. Bu, inflyasiya prosesləridir. İnflyasiya prosesləri ilk növbədə əhalinin gəlirinin dəyərini azaldır", - M. Cabbarov bildirib.
Onun sözlərinə görə, Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir: "Yəni bu o deməkdir ki, qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır. 2021-ci ildə ən sürətlə inflyasiya gedən sektorlar qida sahəsidir, müxtəlif tikinti materiallarıdır, xammaldır və s.. Bu məhsulların xüsusilə Azərbaycanda istehsalı azdır və ya istehsal edilmir, onların idxalından aslıyıq. Bu birabaşa olaraq qiymət artımının daxili bazara ötürülməsidir. Burada təbii olaraq hökumətin əlində o qədər də çox alət yoxdur. Biz çalışırıq ki, sosial əhəmiyyət kəsb edən məhsullara görə, yaxud da sosial müdafiə nəzərindən həssas olan təbəqələrə xüsusi yanaşma tətbiq edilsin. Dünya bazarlarında son iki ildə taxılın qiyməti təxminən 45-50 % artıb. Biz kifayət qədər böyük həcmdə taxıl idxal edirik. Bu strateji məhsulun qiymətinin artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir”.
Azərbaycan Mərkəzi Bankın açıqlamasında əsasən, ölkədə bu il orta illik inflyasiya 6,3-6,6 %, illik inflyasiya isə 11,4-11,9 % səviyyəsində gözlənilir. Baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.
Rəsmi statistikaya görə, noyabrda aylıq inflyasiya 1,5 %, 12 aylıq inflyasiya isə 11,1 % olub. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6,2 %, orta illik baza inflyasiya isə 3,9 % təşkil edib. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.
Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1,9 % yüksəlib, illik ərzaq inflyasiyası 14,9 % təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7,4 % olub.
Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0,5 %, son 1 ildə 7,1 % yüksəlib. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4,8 % olub.
Xidmətlər noyabrda 1,6 %, son 1 ildə 9,1 % bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5,4 % təşkil edib. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir.