Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində ifadə verən Kənan Kərimov bildirib ki, Mahir Ələkbərov ondan Ramiz Göyüşovun mobil telefon nömrəsini alıb. Şahid deyib ki, başqa heç nədən məlumatı olmayıb.

Vəkil Araz Nurməmmədov müdafiə etdiyi Mahir Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi barədə vəsatət verib.

Hakim vəsatəti təmin etməyib.

Daha sonra vəkil Mahir Ələkbərov xəstə olması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsindən alınmış sənədi, həmçinin onun atası Məmmədhəsən Səməd oğlu Əkbərovun Əfqanıstan müharibəsinin və 1-ci Qarabağ müharibəsinin iştirakçısı olması barədə sənədləri məhkəməyə təqdim edib.

Hakim verilən sənədləri cinayət işinə əlavə edib.

Bundan sonra hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin münasibətini öyrənib.

Vəkil Araz Nurməmmədov istintaqın tamamlanmasına etiraz edib. Bildirib ki, işdə olan diskələrə baxılması və tədqiq edilməsi vacibdir.

Hakim həmin disklərə növbəti iclasda baxılması barədə qərar qəbul edib.

Növbəti iclas yanvarın 7-də davam edəcək.