"Lirənin dollara nisbətən məzənnəsində müşahidə edilən volatillikdən sonra Türkiyə valyutasının kursunun necə dəyişəcəyi müzakirə edilən məsələlərdəndir. ABŞ valyutasına nisbətən bu il dekabrın 20-dək kəskin ucuzlaşan lirə son 1 həftədə daha stabil kursa malik oldu".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, lirəni ucuzlaşdıran səbəblər hələ də qalmaqdadır:
"Türkiyənin cari hesablaşmalar balansındakı kəsir, özəl sektorun böyük həcmdə xarici borclanması və siyasi faktorlar. Lirənin son günlər stabil kurs nümayış etdirməsi daha çox qardaş ölkədə Mərkəzi Bankın intervensiyası ilə əlaqələndirilir. Amma üzən məzənnə sisteminə malik olan ölkələrdə heç bir Mərkəzi Bank intervensiya yolu ilə milli valyutanı uzun müddət stabil saxlamaq imkanına malik ola bilməz. Valyuta bazarındakı stabillik üçün bazarın özünün dollar təklifinin artmasına ehtiyac var. Bu baxımdan, lirənin növbəti dövrlərdə məzənnəsi birbaşa Türkiyəyə daxil olan valyutanın həcmindən, qardaş ölkənin ixracat imkanlarından və təbii ki, Qərb dövlətləri ilə münasibətlərin səviyyəsindən asılı olacaq. Çünki, Türkiyə iqtisadiyyatına daha çox sərmayə cəlbi lirə üçün stabillik yarada bilər. Bütün mövcud faktorları nəzərə alsaq, təəssüf ki, hələ də lirənin baş üzərindəki “təhlükə” qalmaqdadır. Təbii ki, Türkiyə Mərkəzi Bankı növbəti dövrdə də milli valyutanın məzənnəsində kəskin volatilliyin baş verməməsi üçün intervensiya alətlərdən istifadə edə bilər".
Deputat bildirib ki, türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə də, həm iqtisadi, həm də psixoloji baxımdan qardaş ölkədə milli valyutanın dəyərsizləşməsi bizim üçün arzuolunan deyil:
"Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 %-ə yaxını Türkiyə bazarına yönəlib. Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir. Biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək.
Belə ki, Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2022-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq. Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə, milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir. Bütün hallarda isə, qardaş ölkədə milli valyutanın stabilliyi bizim üçün iqtisadi və strateji baxımdan əhəmiyyətlidir".
Anar Kəlbiyev