Ərazi bütövlüyünün bərpası məsələsi torpaqları işğala məruz qalmış dövlətlər üçün tarix boyu ən vacib vəzifələrdən biri olub. Belə dövlətlərdə qarşıya qoyulan əsas vəzifələrdən biri ordu quruculuğunun inkişafına xüsusi önəm vermək, Silahlı Qüvvələrin müasir silah-sursatla təminatı və torpaqları düşməndən azad etməyə qadir ordu yaratmaqdır. Bu məqsədin reallaşdırılması dövləti qaliblər sırasına çıxarır, onun xalqını daha məğrur edir. Belə bir qürur doğuran taleyi indi Azərbaycan yaşayır. Düşmənə qalib gələrək, ərazi bütövlüyünü təmin edən xalqımız son 200 illik tarixinin ən şərəfli səhifələrini yazır. Hazırda ordu quruculuğu prosesi uğurla davam etdirilir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Unikal"a açıqlamasında son illər respublikamızın bir çox yerlərində yeni hərbi hissələrin, hərbi şəhərciklərin yaradılması ölkəmizin müdafiəsinin daha da gücləndirilməsi baxımından yüksək qiymətə layiq olduğunu bildirib:

"İşğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələrin yara­dılması xüsusilə qeyd edilməlidir. Onların böyük əksəriyyəti yeni inşa edilmiş, bir hissəsi isə əsaslı təmir olunan hərbi hissələrdir. Bununla yanaşı, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil –məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılan zəruri məsələlərdəndir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, bu sahəyə xüsusi diqqət yetirilməsi vacibdir. Çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq və məşq üçün yaxşı şəraitləri olsun.

Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur. Təsadüfi deyil ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bütün standartlara cavab verir. Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə düşməndən azad edilmiş Xocavənd rayo­nunun Hadrut qəsəbəsində bugünlərdə belə hərbi hissələrdən birinin açılışı oldu. Strateji əhəmiyyətə malik olan bu bölgədə yeni hərbi hissənin açılması ordumu­zun daha da gücləndirilməsi baxımın­dan xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesinin daha geniş vüsət aldığı, Silahlı Qüvvələrimizin ən müasir silahlarla, texnikalarla təchizi bir daha öz təsdiqini tapdı.

Ç.Qənizadə bildirdi ki, yeni hərbi hissənin açılışında iştirak edən dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrutda hərbi hissənin yaradılmasını yüksək qiymətləndirdi. Dedi ki, bu hərbi hissənin açılması və burada yeni hərbi birləşmənin – Komando Briqadasının yaradılma­sı bizim üçün yenilik olmaqla yanaşı, həm də hərbi gücümüzün artırılmasının göstəricisidir. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Bu­rada Komando Briqadasının yaradılması ölkəmizin ordu quruculuğunda mühüm yenilikdir

Yeni yaradılmış hərbi hissənin mü­hüm əhəmiyyət kəsb etdiyni vurğulayan Ali Baş Komandan bunu işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda açılması ilə əlaqələndirdi. Dövlət başçı­mız hərbçilərin xidmət şəraitinin yaxşı­laşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını da diqqətə çat­dırdı. Xatırlatdı ki, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycan Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır.

Ç.Qənizadə Hadrut əməliyyatının İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olduğunu xatırlatdı: “Bunu dövlət başçımız da bildirdi. Dedi ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdiyinə görə xüsusi əhəmiyyət kəsb edirdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur”.

Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılar­dan azad etdi. Qəsəbəni əhatə edən dağları görən hər kəs bu döyüşlərin nə qədər çətin olduğunu dərk edər. Ona görə də Hadrut əməliyyatı çətin olduğu qədər də şərəflidir. Ali Baş Komandan İlham Əliyevin xatırlatdığı kimi, mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki onlar bu dağlarda, təpələrdə yerləşərək, böyük hərbi üstünlüyə malik idilər. Ona baxmaya­raq, bizim hərbçilərimizin peşəkarlığı, fizi­ki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün əlverişli imkan yaratdı.

İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Yeni yaradılmış hərbi hissə bu ərazilərin müdafiəsində mühüm rol oynayacaq".

Seymur Əli