OPEK ölkələri nazirləri Küveytdən olan Haysam əl-Qaysi təşkilatın baş katibi vəzifəsinə seçiblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə OPEK-in press-relizində deyilir.
Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonu əvəz edəcək. Məhəmməd Barkindonun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır.
Qeyd edək ki, əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndə heyətinə rəhbərlik edib. Onun namizədliyi siyahıda yeganə olub.
Haysam əl-Qays neft şirkətlərində, eləcə də Küveyt Xarici İşlər Nazirliyində təcrübəyə malikdir. O, 1990-cı ildə Kaliforniyanın San-Fransisko Universitetinin siyasi elmlər fakültəsini bitirib. Ərəb, ingilis, alman, portuqal, ispan, fransız daxil olmaqla, altı dildə sərbəst danışır, həmçinin Çin dilini bilir.
OPEK-in nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.